• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 12.08.2023 20:05

Beynəlxalq ictimaiyyət ermənilərin mina terroruna qarşı bu ölkəyə təzyiq göstərməlidir

KepezTV Player

Ermənistanın Azərbaycana qarşı başlıca əsas xətti - hərbi cinayətləri davam etdirməkdir. 44 günlük Vətən müharibəsindən sonra ermənilərin basdırdığı minalarla bağlı yaranan problem bizə bunu deməyə əsas verir. Amma Ermənistan nəinki İkinci Qarabağ müharibəsindən əvvəl basdırdığı minaların tam xəritəsini Azərbaycan tərəfinə təqdim etmədi, hətta yeni minalama prosesini də həyata keçirdi. Nəticədə Azərbaycanın mülki şəxsləri, hərbi qulluqçuları xəsarət alır və ya həlak olur. Amma daim sülh və təhlükəsizlikdən, haqq-ədalətdən dəm vuran bütün beynəlxalq təşkilatlar, eləcə də sayılıb-seçilən dövlətlər Ermənistanın mina terrorunun qarşısının alınması üçün ciddi təzyiqlər göstərməkdənsə, ağızlarına su alıb dururlar.

Hazırda dünyanın ən böyük problemlərindən biri mina məsələsidir. Bu problemin ən çox olduğu ilk 10 ölkədən biri də təəssüf ki, Azərbaycandır. Çünki Ermənistan işğal altında saxladığı torpaqlarımızı 30 il ərzində ciddi-cəhdlə çirkləndirib. Vətən müharibəsindən 2 ildən çox müddət keçməsinə baxmayaraq insanların böyük bir hissəsi mina problemi ucbatından öz yurdlarına qayıda bilmirlər.

Bu gün Qarabağda mina terrorunun qurbanlarının sayı getdikcə artır. Təkcə vətən müharibəsində 300-dən çox şəxsin minaya düşərək həlak olması bunun əyani təsdiqidir. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib.

Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır.

Təcavüzkar Ermənistan sərhədlərin delimitasiyası və sülh danışıqları ilə bağlı məsələlərdə olduğu kimi, mina məsələsində də daim qeyri-səmimi mövqedən çıxış edir. Gah məsələnin şərh edilməsindən imtina edir, gah da mina xəritələrinin mövcud olmaması ilə bağlı fikirlər irəli sürür.

Bəli, mina terrorundan da Azərbaycan öz gücü hesabına qurtulacaq. Elə vətən müharinəsində olduğu kimi. Kimdənsə nəsə gözləmədən, öz ədalətimizi özümüz bərpa edəcəyik. Çünki nə beynəlxalq təşkilatların, nə də adiyyatı sturukturların daha 30 il vicdana gəlməsini gözləyə bilmərik.