Samuxdakı üzüm bağlarında məhsul yığımına başlanılıb. Yay mövsümündə hava şəraitinin dəyişkən - əvvəl yağışlı, hazırda isə isti keçməsi məhsulun keyfiyyətinə və təbii ki, Gəncə bazarlarındakı qiymətlərə təsir göstərib.
Bazarlarda yerli üzümün satışına təxminən 10 gün əvvəl başlanılıb. Bazara ilk olaraq tezyetişən üzüm sortları çıxarılıb. Bu il bağlarda bolluq müşahidə olunur. Fermerlər tərəfindən son illər daha çox süfrə üzümü sortlarının becərilməsinə üstünlük verilir. Səbəb isə bu növ üzümlərə bazarlarda tələbatın çox olmasıdır. Məhsul bol olsa da, alıcılar bazarlarda keçən ilə nisbətən bu il üzümün qiymətinin artdığını bildirirlər.
Fermerlər bazarlarda qiyməti bahalaşan ayrı-ayrı üzüm sortlarının səbəbini dəyişkən hava şəraitində görürlər. Onların sözlərinə görə, yay mövsümün başlanğıcında intensiv yağışların yağması, sonra hava şəraitinin kəskin dəyişməsi qiyməti şərtləndirən əsas səbəbdir. Məhsulda fərqli xəstəliklərin əmələ gəlməsi, sahədə lazımi aqrotexniki və aqrokimyəvi qulluğun artması, bitki mühafizəsi tədbirləri bazardakı qiymətlərə təsir edir.
Məhsulun baha olması və alışın zəifləməsi üzüm əkininin kifayət qədər azalmasına səbəb ola bilər. Bu da fermerlər üçün xoşagələn hal deyil.
Hələlik satış məntəqələrində və bazarlarda "Kardinal", "Təbriz", və "Prima" adlı süfrə üzümləri satılır. Texniki növ üzümlər yetişdikdən sonra qiymətlərin nisbətən ucuzlaşması gözlənilir.
- Baxış: 1051