• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 09.08.2023 20:25

MDB oyunları ölkənin ikinci böyük şəhərində

KepezTV Player

Ölkəmizdə baş tutan beynəlxalq əhəmiyyətli yarışların əksəriyyəti Bakıda təşkil edilib. Ancaq bu dəfə Odlar yurduna həvalə olunan MDB oyunları bölgədə keçiriləcək. Gəncə 3-cü dəfə baş tutacaq mötəbər yarışa ev sahibliyi edəcək.

Bu, son illərdə demək olar ki, regiona salınan ən böyük yarış olacaq. Oyunların Gəncədə təşkili isə təsadüfi deyil. Çünki ölkənin ikinci böyük şəhərində Qafqazın ən böyük idman kompleksi olan Gəncə İdman Sarayı inşa edilir və qurğu müasir standartlar səviyyəsində qurulur, müxtəlif idman növləri üçün əlverişli şəraitə malikdir. Həmçinin, Cavadxan yurdunun beynəlxalq səviyyəli tədbirləri qəbul etmək təcrübəsi var. Çünki Gəncə 2016-cı ildə "Avropanın Gənclər Paytaxtı" və 2019-cu ildə isə "Avropanın İdman Şəhəri" statuslarına sahib olub.

Parlamentin üzvü Gəncədə MDB oyunlarını qəbul etmək üçün bir neçə idman qurğusunun inşa olunduğunu və yarışların tezliklə istifadəyə veriləcək bu idman infrastrukturlarında keçirilməsinin planlaşdırıldığını deyib.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov da Nizami yurdunun mötəbər yarışa ev sahibliyi ilə bağlı fikirlərini bölüşüb. İdarə rəhbəri Gəncədə oyunların ən layiqli şəkildə təşkil ediləcəyinə inandığını ifadə edib.

3-cü MDB oyunları 2025-ci ildə Gəncədə keçiriləcək. Bir neçə gün əvvəl isə 2-ci MDB oyunları Belarusda start götürüb və hazırda davam edən yarışda millimiz ayrı-ayrı idman növlərində təmsil olunur.