1990-cı illərin əvvəllərindən başlayaraq, Azərbaycana qarşı otuz ilə yaxın davam edən təcavüz zamanı Ermənistan çoxsaylı hərbi cinayətlər törədib. Ölkəmizin əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistan 4 min azərbaycanlı haqqında məlumat verməkdən imtina edir. Əfsuslar olsun ki, Azərbaycana qarşı törədilən bu amansız olaylara beynəlxalq təşkilatlar da susur, heç bir sanksiya tətbiq etmir. Ermənistana yetərincə təzyiq göstərmirlər.
Tural İsmayılov- politoloq: "Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş və taleyi bu günə kimi məlum olmayan 4000 Azərbaycan vətəndaşının bundan sonrakı talelərinin necə olacağı və onlar haqqında dəqiq informasiyaların Azərbaycana verilməyi Ermənistana edilən təzyiqlərdən asılıdır. Əslində burda həm müsbət, həm də bizi narazı salan məqamlar var. Birinci müsbət məqam ondan ibarətdir ki, ən azından 4-5 Brüssel görüşündə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüssel bəyanatlarına 1 Qarabağ müharibəsində əsir və itkin düşmüş 4000 Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi məsələsini Ermənistanın qabağında bir vəzifə kimi qoyubdur. Eyni zamanda Rusiyada keçirilən görüşlərdə də bizim 4000 əsirimizin həyatının necə olduğu, ümumiyyətlə onların neçəsinin sağ qaldığının, neçəsinin hələ də əsir və girovluqda olduğunun ortaya çıxması ilə bağlı çağırış edilib. Amma biz görürük ki, Ermənistan bu mövzuda da təəssüflər olsun ki, üzərinə götürdüklərini yerinə yetirmir".
Tarix boyu müxtəlif soyqırmlar, qətliamlar, amansız cinayətlər törədən Ermənistan həmişəki vərdişinə sadiq qalaraq yenə də etdiyi əməllərdən boyun qaçırır. Nə qətlə yetirdiyi, nə də girov götürdüyü soydaşlarımızın taleyi ilə bağlı məlumat vermir. Ermənistanın üzərinə öhdəlik götürüb bu öhdəliklərdən boyun qaçırması isə sözsüz ki, düşmənin məkirli siyasətinin göstəricisidir.
Tural İsmayılov- politoloq: "Açıq danışaq ki, bu qədər əsirliyin, işgəncələrin, qeyri-insanı rəftarın içərisində onların böyük bir qisminin sağ olma ehtimalı da müəyyən qədər sual altındadır. Amma hesab edirəm ki, kifayət qədər dözümlü və sağ qalan insanlar da var. Ona görə bir daha qeyd edirəm ki, mütləq şəkildə sayından asılı olmayaraq, həm ölənlərə, həm də bilirsinizmiz Ermənistan niyə o 4000 vətəndaşın taleyi ilə bağlı aydınlıq gətirmir. Çünki, aydınlıq gətirəsi bir şey yoxdu. Böyük cinayətlər törədiblər və Ermənistan özünün törətdiyi işgəncələri etiraf edəcək deyil ki! Ona görə Ermənistan burada yenə vaxt udmağa, manipulasiya etməyə çalışır".
Ermənistanın yalan dolu şərhlərlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırıb Azərbaycanlı əhaliyə qarşı törədilən çoxsaylı müharibə cinayətlərini gözardı etməsi isə uğursuzluğa düçardır. Çünki 4000 azərbaycanlının taleyinə aydınlıq gətirilmədən hansısa sülh sazişindən söhbət gedə bilməz.
Tural İsmayılov- politoloq: "Bu, təkcə Rusiyanın üzərinə və ya hər hansı beynəlxalq güclərin üzərinə düşən bir məsələ deyil. Ermənistan bu məsələdə kifayət qədər səmimi və dürüst davranmalıdır. Və mən hesab edirəm ki, biz sərhədlərin delimitasiya və demarkasiyasını eyni zamanda Ermənistanın provokasiyalarının dayanmağını sülh üçün vasitə hesab ediriksə, mütləq bizim 30 il əvvəl əsir və itkin düşmüş, Ermənistan tərəfindən əgər sağ qalanlar varsa, günü bu günə qədər hansı işgəncələrə məruz qaldığı bəlli olmayan insanlarımızın taleyinə də aydınlıq gətirilməldir. Və mən hesab edirəm ki, Ermənistan bizim 4000 vətəndaşımızın taleyinə aydınlıq gətirəmədən Erməsitanla hansısa bir yekun sülh müqaviləsi imzalamayacağıq".
Bu gün taleyi bəlli olmayan 4000 azərbaycanlının yaxınlarının istəyi ədalətin bərpası və insanlığa qarşı yönəlmiş bu kimi vəhşiliklərin təkrarlanmaması üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən bu cinayətə və Ermənistanın törətmiş olduğu digər müharibə cinayətlərinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi, törədilmiş qətliamların günahkarlarının beynəlxalq məhkəmə qarşısında cavab verməsidir.
- Baxış: 337