Azərbaycan Prezidenti İlham Əliyev, qərb bölgəsinə səfəri zamanı Şəmkir və Samux rayonlarında bir sıra əhəmiyyətli obyektlərin açılışında iştirak edib. Əməkdaşlarımız sözügedən rayonlarda yeni istifadəyə verilən məktəb-lisey, musiqi məktəbi və xəstəxanada çəkiliş apararaq yaradılan şəraitlə tanış olublar.
Şəmkirdə istifadəyə verilən Məhəmməd Füzuli adına təbiət və humanitar fənnlər təmayüllü tam orta məktəb-lisey 1958-ci ildə tikilib. Sovet dövründən fəaliyyət göstərən təhsil ocağı qəzalı durumda olması və müasir tələblərə cavab verməməsi səbəbindən yeni binanın inşasına zərurət yaranıb. Eyni vaxtda 1600 şagirdin təhsil ala biləcəyi məktəb-lisey bütün inventarlarla təchiz edilib. 65 sinif otağından ibarət olan təhsil müəssisəsində fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, hərbi təlim, tibb, əmək təlimi, "STEAM" otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var. Gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanan yeni məktəb, eyni zamanda şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almalarına şərait yaradacaq. İnfrastrukturun tamamilə yenilənməsi rayonda təhsilin inkişafına təkan verəcək.
Samuxda isə ölkə başçısı iki müəsissənin açılışını edib. Bunlardan biri Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbidir. Mədəniyyət ocağı 2002-ci ildən 1935-ci ildə inşa olunan kolxoza aid birmərtəbəli tikilidə fəaliyyət göstərib və əlverişsiz vəziyyətdə tədris aparılıb. Ancaq indi hər cür şərait yaradılan yeni məktəb müasir səviyyədə avadanlıqlar, musiqi alətləri, əyani vəsaitlə təmin olunub. 300 şagird yerlik yeni məktəbin binası 3 mərtəbəlidir. Tikilidə 29 dərs otağı, orkestr, xor və tibb otaqları, qarderob, kitabxana, yeməkxana və akt zalı fəaliyyət göstərəcək. Ölkə üzrə müsabiqələrdə, konsert proqramlarında iştirak edərək yüksək nailiyyətlərə imza atan məktəbin yetirmələri üçün inşa olunan müasir bina yeni uğurlara böyük yol açacaq.
Samuxda istismara verilən digər bir obyekt əhalinin uzun illərdir həsrətlə gözlədiyi mərkəzi rayon xəstəxanası olub. 90 çarpayılıq olan tibb müəssisəsinin üçmərtəbəli binasında əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımi şərait yaradılıb. Belə ki, xəstəxana Yaponiya, Koreya, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilib. Xəstəxanada cərrahiyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, doğuş, hemodializ, təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı sahələr üçün binalar inşa olunub. Burada yaradılan şərait vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə aparılmasına töhfədir.
Paytaxt, həmçinin regionlarda təhsil, səhiyyə, mədəniyyət və digər sahələr üzrə infranstruktur layihələrin həyata keçirilməsi həm ölkənin inkişafı istiqamətində qarşıya qoyulan prioritetlərdəndir, həm də əhalinin rahatlığının təmin edilməsi üçün atılan addımlar sırasındadır.
- Baxış: 1050