Gəncə Memorial Kompleksi layihələndirilib. Konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış Kompleks unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarətdir.
17 oktyabr 2020-ci il tarixində 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncənin mərkəzi, qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə intensiv atəşə tutulub. Nəticədə 6-sı uşaq olmaqla 26 mülki şəxs həlak olub. Baş vermiş faciə nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən tapşırıqlar verilib və ərazidə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla Gəncə Memorial Kompleksi layihələndirilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kompleksin təməli qoyulub.
Qarabağ müharibəsində məqsədli olaraq münaqişə zonasından uzaqda yerləşən Gəncə ilə yanaşı, Bərdə, Tərtər kimi şəhərlərin mülki əhalisini böyük dağıdıcı gücə malik raket hücumlarına məruz qoymaqla, körpə uşaq və qadınlar da daxil olmaqla günahsız insanların qətlə yetirilməsi erməni vəhşiliyi və qətliamın növbəti nümunəsidir. Ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş qətliam bəşəriyyətə qarşı cinayət kimi qymətləndirilir.
Gəncə Memorial Kompleksi 4 ha torpaq sahəsini əhatə edəcək. Memorial abidə 12 m dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada işlənilmiş, hadisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilmiş memarlıq nümunəsidir. Həmçinin, muzey kompleksinin spiralvari formasının müşahidəsi üçün xüsusi sahələr planlaşdırılıb.
Kompleks ərazisində yerləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək, Gəncə hadisələrinin işıqlandırılmasında xüsusi rol oynayacaq. Bununla yanaşı, muzey binasından başqa raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub.
- Baxış: 340