• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1234
— 04.08.2023 20:18

Azərbaycanda maşın üçün etibarnamə tələbi ləğv olunur?

KepezTV Player

Azərbaycanda nə qardaş qardaşa, nə ata oğula öz avtomobilini rəsmi etibarnamə sənədi olmadan idarə etmək üçün verə bilmir. Beynəlxalq praktikada isə belə bir tələb yoxdur. Artıq Azərbaycanda da avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib. Tələbin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub.

Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırılacaq. Sürücülərin bu təklifə münasibəti isə olduqca müsbətdir.

Sürücü: “Məncə, etibarnamə lazım deyil. 1-2 gün maşın sürməkdən ötrü gedirsən, əlavə xərcdir. Notariusa get, etibarnamə al. Belə şeylərdən azad olursan. Xarici dövlətlərdə belə şey yoxdur. Sürücülük vəsiqəsi varsa, bu adam yaxın qohumunun maşınını idarə edə bilər”.

Sürücü: “Etibarnamə mənasız bir şeydir. Texpasportu verirsənsə, deməli, maşını etibar edirsən. Başqa şikayətin olsa şikayət edərsən - qaçırılıb, oğurlanıb. Əlavə xərcdir, vaxt itksidir, narahatlıqdır”.

Sürücü: “Maşın oğlumun adınadır, mənə etibarnamə verib. Bu, gülməli bir şeydir. Qardaşım çörək almağa gedəndə gedib, etibarnamə verib, maşını verməliyəm? Yəni bu, heç yerdə yoxdur, bizdədir. Ləğv olunsa yaxşı olar”.

Dünyanın əksər ölkələrində etibarnamə tələbi yoxdur. Nəqliyyat vasitəsi yol polisi tərəfindən saxlanıldıqda, qeydiyyat şəhadətnaməsini təqdim etmək kifayətdir.

Nail Qarayev- Gəncə şəhər 1 saylı Notariat ofisinin əməkdaşı: “Nəqliyyat vasitəsilə bağlı etibarnamələr 2 növdə olur. Bunlardan birincisi nəqliyyat vasitəsinə sərəncam verməyə dairdir ki, buna da el arasında “generalnıy doveronnost” (baş etibarmanə) deyirlər. Və nəqliyyat vasitəsi idarə etməyə dair etibarnamələr. Rüsumları isə - 36 manat nəqliyyat vasitəsinə sərəncam verməyə dair, 18 manat isə nəqliyyat vasitəsini idarə etməyə dair olanı təşkil edir. Konkret rəqəm deyə bilmərik, amma hər iki növ etibarnamələrin alınması ilə bağlı kifayət qədər tələb var”.

Ekspertlər deyir ki, bu məsələ ilə bağlı əks arqument gətirənlər avtomobilin oğurlanması kimi halları diqqətə çatdırırlar. Amma indi eyniləşdirici əlamətlərlə həmin avtomobili qısa müddətdə aşkar etmək mümkündür.

Elməddin Muradlı- nəqliyyat eksperti: “Həmin şəxsin sürücülük vəsiqəsi var, sükan ardına keçib, avtomobili sürür. O maşının sürülməsinə görə ondan heç kimi şikayət etmirsə - kimsə polisə zəng vurub demirsə ki, “bu maşın oğurluq maşındır”, “mənim maşınımı oğurlayıblar”, heç bir problem yoxdur, sürə bilər. Deyək ki, ata, oğul, bacı, qardaş arasında maşın idarə olunub, avtomobilin sahibinə cərimə gəlib. Avtomobilin sahibi elə öz dostu ilə birlikdə qeydiyyatda olduğu ərazi üzrə yol polisi şöbəsinə yaxınlaşa bilər, məlumat verər ki, filan tarixdə mənə cərimə gəlib, amma bildirmək istəyirəm ki, o xətanı mən törətməmişəm. O şəxs də deyir ki, həmin vaxt maşını mən sürürdüm. Cərimə ona yönlənir”.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisindən isə bildirildi ki, yol hərəkəti haqqında qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, hazırkı qaydalara əməl edilməlidir. Əks halda, bu, inzibati məsuliyyət yaradır.

Aişə Rzayeva