• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1856
— 04.08.2023 16:19

Kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Gəncədə kompleks mülki müdafiə təlimi keçirib. Təlim irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasının təşkili istiqamətində reallaşıb.

Təlimdən öncə kompleks mülki müdafiə təlimi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib. Tədbirdə çıxış edənlər fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyətindən bəhs edərək fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin vacibliyindən danışıblar. Müşavirədən sonra təyin olunan yerdə təlim başlayıb. Əvvəlcə mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikasına baxış keçirilib. Ardınca komanda qərargah məntəqəsində şəhərdə baş verən şərti zəlzələnin aradan qaldırılması istiqamətində əməliyyat şəraitinin qiymətləndirilməsi və təhlili aparılıb. Daha sonra təlimə start verilib. Kompleks təlim zamanı FHN ilə yanaşı şəhərin bütün idarə, müəssisə və təşkilatları, mülki müdafiə dəstələri, qərargahlar və mülki müdafiə sahəsinə cavabdeh şəxslər, eləcə də FHN-nin Gəncə Regional Mərkəzinin əhatə dairəsində olan rayonların fövqəladə hallar komissiyalarının nümayəndələri iştirak ediblər. Təlimdə zəlzələdən sonra həyəcan siqnalı ilə canlı qüvvə və texnika əraziyə daxil olub və əhalini təxliyə etməyə başlayıb. Mülki müdafiə qüvvələri əhalinin müvəqqəti olaraq təhlükəli zonalardan köçürülməsi və şəhərin həyat təminatının bərpası ilə bağlı tədbirlərin təşkili, qəza-bərpa işlərinin yerinə yetirilməsi tədbirlərini yerinə yetiriblər.

Təlim zamanı şərti olaraq dağıntılar altından insanlar təxliyə olunur. Hətta xüsusi təlim keçən itlər vasitəsilə dağıntılar altında qalan insanlar çıxarılır. Bu hissədə mülki müdafiə dəstələri hündürlükdə qalan insanları təxliyə etməyə çalışırlar. Onlar, xərək vasitəsilə aşağı endirilərək, tibb məntəqələrinə yönləndirilirlər.

Eyni zamanda xilasedicilər ərazidə baş verən yanğını söndürərək alovun digər tikililərə keçməsinin qarşısını alıblar. Yaralılar ilkin həyat təminatının təmin edilməsi məqsədilə tibbi çadırlara yerləşdirilib və onlara tibbi yardım göstərilib. Vəziyyəti daha ağır olanlar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya köçürülüblər. Tədbirin gedişində şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Təlimə ümumilikdə 400 nəfərdən çox şəxsi heyət və 60-a yaxın müxtəlif təyinatlı texnika cəlb edilib.

Orxan Cəfərzadə