Havalar isti keçən kimi kondisionerə tələbat artır. İşdə, evdə, avtomobildə, demək olar ki, hər yerdə kondisionerdən istifadə edilir. Bəs düzgün istifadə edilirmi? Qarşıdakı süjetimiz sərinlənərkən xəstə düşməmək üçün diqqət etməli olduğumuz məqamlarla bağlıdır.
El dili ilə desək, iyul ayının “qorabişirən” vədəsidir. Son günlər isə havalar isti keçdiyindən günorta saatlarında açıq havaya çıxmaq demək olar ki, mümkün deyil. İnsanlar nəfəskəsən istilərdən qaçaraq, özlərini kondisionerlərin altına verirlər. Temperaturun yüksəlməsi ilə müşahidə olunan isti hava şəraiti sərinlədici cihazlara təlabatı artırır. Satıcılar da son 1 ayda kondisioner və sərinkeşlərin satışında artım olduğunu qeyd edirlər.
Sevda Hüseynova- satıcı: “Yay aylarında ən çox satışda olan məhsullar kondisionerlərdir. Qiymətləri isə 950 manatdan başlayır, 1500-ə kimi davam edir. Kvadratmetrinə görə dəyişir. Ən çox satılanlar - 100 və daha çox kvadratda olanlardır”.
Düzdür, kondisionerlər sərinlik bəxş edir, amma bu cihazın havasının orqanizmə ziyanı da az deyil. İstidən soyuğa, soyuqdan istiyə hava dəyişməsi müxtəlif problemlər yarada bilər. Sorğu zamanı məlum oldu ki, sakinlər məcbur qalmadıqca bu qurğulardan istifadə etmirlər.
Həkimlər isə deyir ki, sağlamlıqla bağlı xoşagəlməz vəziyyətə düşməmək üçün, kondisionerdən mümkün qədər az və düzgün qaydada istifadə etmək lazımdır. Həmçinin, cihazın olduğu otaq mütəmadi olaraq havalandırılmalıdır. Ondan uzunmüddətli istifadə müxtəlif bakterial xəstəliklərə, dəri problemlərinə, baş və əzələ ağrısına səbəb ola bilər.
Xəyalə Əhmədova- həkim: İnsanlarda sümük ağrıları çox olur, xroniki xəstəlilərin aktivləşməsi çox müşahidə olunur. Uşaqlarda isə ən çox rastlaşdığımız tənəffüs yolu infeksiyalarıdır. Allergik xəstəliklərin daha da qabarmasıdır. Astmalı uşaqlarda kondisioner yanarkən tozcuqların yayılması nəticəsində astmanın artması və aktivləşməsi müşahidə olunur. Kondisionerin havasının düzgün tənzimlənməsi tövsiyə olunur. Bayırdakı temperaturdan 10 dərəcədən aşağı olmasın. Çünki belə olan halda, əsasən yaşlı insanlarda oynaq ağrıları olduğu zaman xüsusən artritli xəstələrdə və ya hər hansı reaktiv artritli xəstlərdə bu xəstəliklərin qabarması, ağrıların artması müşahidə olunur”.
Əsas məqamlardan biri də kondisionerin təmizliyidir, çünki filterdə yığılan mikrob və bakteriyalar havaya qarışaraq infeksiyalar yaradır. Nəfəs yolunun infeksiyası və astma kimi allergik reaksiyaların artması ilə nəticələnir. Həmin bakteriyalar da ağciyərlərdə xəstəliyə səbəb ola bilər. Ona görə də bu texniki avadanlıqlardan istifadə edən zaman düzgün rejim seçmək daha məsləhətlidir.
Aişə Rzayeva
- Baxış: 294