• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 28.07.2023 21:02

Aşura günündə qanvermə aksiyası keçirilib

KepezTV Player

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur. Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmmədin nəvəsi imam Hüseynin, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Azərbaycanda Aşura mərasimləri məscidlərdə təşkil olunub. Kərbəla faciəsini yad etmək üçün Gəncədəki “İmamzadə” Dini Kompleksində və şəhərdəki məscidlərdə də İmam Hüseynin şücaəti haqqında moizələr dinlənilib. Məhərrəm ayının avqustun 17-də başa çatacağı, avqustun 18-dən Səfər ayının başlayacağı və sentyabrın 16-dək davam edəcəyi xatırladılıb.

Aşura günü ilə əlaqədar qanvermə aksiyaları da keçirilir. Qanvermə aksiyaları ölkədəki 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində təşkil olunub. Mərkəzi Qan Bankının Gəncə bölməsində də könüllü qan vermək istəyənlərin fəallığı müşahidə olunur. Donor olmaq istəyənlərin verdikləri qan talassemiyalı və hemofiliyalı xəstələrə, eləcə də qana ehtiyacı olan insanlara yardım məqsədi daşıyır. Qanvermə aksiyasında 18-65 yaş arası, çəkisi minimum 50 kq olan sağlam fiziki şəxslər iştirak edə bilərlər. Qanvermədə iştirak edən vətəndaşlardan təxminən 450 milli litr qan götürülür.

Təbriz Əliyev- donor: “Aşura günü ilə əlaqədar olaraq biz könüllü bu qanvermə aksiyasında iştirak edirik. Bütün bu qanvermə aksiyasında talassemiya xəstələri üçün əlimizdən gələni etməliyik. Bütün hamıdan xahiş edirəm, gəlsin, könüllü olaraq iştirak etsin”.

Solmaz Şabanova- donor: “Könüllü, özümüzə borc bilmişik, kiminsə həyatını nə iləsə qurtarırıqsa, nə xoş bizə. Allah hamıya cansağlığı versin, sağlıq birincidir, mənə elə gəlir”.

Vüsalə Əhmədova- Mərkəzi Qan Bankının Gəncə Bölməsinin müdiri: “Hər il olduğu kimi bu il də Aşura günündə Qafqaz Müsəlmanları İdarəsinin təşviqi və tövsiyəsi ilə insanlar qan verməyə axın edirlər və bu gün bölməmizdə səhər saatlarından başlayan aksiyada, artıq 1 saatdır aksiya başlayıb, 30-dan çox donorumuz qeydiyyatdan keçmişdir və aksiyamız axşam saatlarına kimi davam edir”.

Fərid Mehdiyev