• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1358
— 27.07.2023 21:05

Futbolu danışmadan və eşitmədən oynayanlar

KepezTV Player

Bu günədək efirimizdə futboldan danışarkən ya adi, ya da müəyyən əlilliyi olan oyunçulardan ibarət komandalar barədə xəbər vermişik. Bəs Gəncədə nitq və eşitmə qabiliyyəti tam məhdud şəxslərdən qurulan komanda olduğunu bilirdiniz? Qarşıdakı materialda ətraflı məlumat alacaqsınız.

Nitq və eşitmə qabiliyyəti tam məhdud olan şəxslərdən ibarət komanda Nizami yurdunda 1 ildən çoxdur ki fəaliyyət göstərir. Kollektivin heyətində 15 nəfərə yaxın danışmayan və eşitməyən şəxslərin əksəriyyəti işsiz olsa da, aralarında ayaqqabı ustası, avtomobil çilingəri, ev təmiri ustası kimi işlərdə çalışanları da var. Onlara 1 baş məşqçi və iki köməkçi çalışdırıcı məşq keçir. Müxtəlif yaşlarda olan komandanın üzvləri məşq üçün geyim, top və invertarları hələlik öz vəsaitləri hesablarına əldə edirlər. Ancaq yarışlara gedərkən yol xərcləri və qonaqlama ilə bağlı xərclər dövlət tərəfindən qarşılanır. Bu şəxslər oyunlara hazırlaşarkən məşqçilərlə yalnız əl jestləri və üz mimikaları ilə anlaşırlar. Bu da müəyyən çətinliklər yaradır. Ancaq çalışdırıcılar bütün çətinliklərə baxmayaraq nitq və eşitmə qabiliyyəti məhdud insanlarla işləməkdən fəxr duyurlar.

Komandanın adı şəhərin adına uyğun "Gəncə"dir. Bu günədək AFFA tərəfindən təşkil olunan turnirlərdə, eləcə də yoldaşlıq görüşlərində həm paytaxtda, həm də digər regionlardakı həmkarları ilə qarşılaşan komanda, gələcəkdə yaradılacaq çempionatda da iştirak etmək istəyir. Onları cəmiyyətin bir fərdi olaraq formalaşdırmaq, yaxşı komanda quraraq uğur qazanmaq istəyən məşqçilər, həm də bu kateqoriyadan olan şəxslərlə də Gəncə futbolunun adını zirvələrə qaldırmaq arzusundadırlar.

Gələn ay komanda doğma şəhərdə yoldaşlıq görüşü keçirməyi planlayır. Gəncənin nitq və eşitmə məhdudiyyətli kollektivi Bakı komandası ilə üz-üzə gələcək.

Orxan Cəfərzadə