• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 26.07.2023 20:21

Mənzil bazarında vəziyyət necədir?

KepezTV Player

Regionlardan olan tələbələrin Gəncədəki ali və orta ixtisas təhsili müəssisələrinə axın etməsi kirayə mənzil bazarında qıtlığa gətirib çıxarmışdı. Tədris ilinin bitməsi ilə bu problemin aradan qalxması gözlənilsə də əksi oldu. İndi vəziyyət bir qədər fərqlidir. Çünki, tələbələr əvvəlki illərdə olduğu kimi, artıq yay aylarında evləri təhvil vermirlər.

Universitet və kolleclərdə tədris ili yekunlaşdıqda kirayə mənzillərdə qalan tələbələr evləri təhvil verməyə başlayırlar. Təlabatın azalması isə gözlənilənin əksinə qiymətləri artırıb. Rieltorların sözlərinə görə kirayə mənzil bazarında 20 faizə kimi artım müşahidə olunur.

Fərhad Əhmədov- rieltor: “Kirayə mənzil bazarında bu gün vəziyyət çox ürəkaçan deyil. Defisit yaşanır. Düzdür, kollecdə, universitetdə oxuyan uşaqlar gediblər. Ancaq çoxu qalıb, burda işləyir. Və mənzillərin çoxunun pulunu verib, saxlayırlar ki, mənzilləri əllərindən qaçırmasınlar. Qiymətlərdə bir az fərq edir. Bir az artım var. Qiymətləri bazar tənzimləyir, o, nə ev sahibinin, nə də qalan insanların günahıdır. Mənzil bazarında bolluq olanda qiymətlər aşağı düşür”.

Rieltor qeyd elədi ki, sentyabr ayında vəziyyətin daha da çətin olacağı gözlənilir. Həm qiymət bahalaşacaq, həm də tələbat artacaq.

Fərhad Əhmədov- rieltor: “Kütləvi şəkildə tələbələr gələndə defisit yaşanır. Yaxşı olardı ki, bu universitetlər öz tələbələri üçün yataqxana və ya başqa bir şey düşünərdilər ki, tələbələr gəldikdə buralarda kirayələrdə qalmasınlar”.

Nəinki kirayə mənzil bazarında, hətta satışa çıxarılan mənzillərdə də günü-gündən qiymətlər artır.

Fərhad Əhmədov- rieltor: “Evlərin belə qiymətlərində artım var. Bu artımlar isə suni sürətdədir. Nə düşünürlər, o qiymətləri də deyirlər. Dəyəri 100 min olan evin qiymətini 120-130 min deyirlər. Bu da bazara uyğun qiymətlər deyil. Keçənilki bazarla müqayisədə 1 otaqlılar 30 min manat idi, indi 40-42 mindir. 2-3 otaqlılar da həmçinin. Artımlar çoxdur”.

Mənzillərin həm kirayə, həm satış qiymətlərində olan artım şəhərin bütün zonalarında müşahidə edilir. İndi mərkəzdənkənar sayılan bəzi ərazilərdə kirayələmək üçün 200 manatdan aşağı ev tapmaq müşkülə çevrilib.

Aişə Rzayeva