Axşam saatlarında yağan leysan nəticəsində Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qismən çətinliklər yaranıb. Sel sularının avtomobil yolunda yaratdığı fəsadlar nəticəsində nəqliyyatın hərəkətində bir müddət ləngimə olub. Fəsadlar rayon mərkəzi ilə yanaşı, bir sıra kənd yollarında da müşahidə edilib. Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində yolları bağlayan daş, qum, çınqıl kimi sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb və nəqliyyatın hərəkəti tam bərpa olunub.
Səfyar Uğuruyev- Göygöl Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi: “Yağan güclü yağış nəticəsində Göygöl- Hacıkənd yolu, Göygöl- Mollacəlilli yolu və Göygöl- Topalhəsənli yollarında, rayonun bir çox kəndlərində müəyyən fəsadlar yaranmış, eyni zamanda Göygöl şəhərində bir çox yerlərdə, küçələrdə, mərkəzi yollarda bəzi fəsadlar yaranmışdır. Yaranmış fəsadların aradan qaldırılması üçün Göygöl Rayon İcra Hakimiyyəti aparatının, Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçilərinin, eyni zamanda aidiyyəti idarə və təşkilatların texnika və işçi qüvvəsi cəlb edilərək yaranmış problem aradan qaldırılmışdır”.
İbrahim Mirzəyev- sakin: “Mən deyə bilərəm ki, güclü, böyük fəlakət idi. O fəlakətin qarşısı tez bir zamanda rayonumuzun rəhbərliyi tərəfindən, yol idarəsinin, kommunal təsərrüfat idarəsinin rəhbərliyi tərəfindən işçilərin yola tez bir zamanda cəlb olunması və böhranın aradan qaldırılmasında güclü işləri oldu. Yolda çınqılların, qumların, hətta Hacıkənd yolunda 2 ədəd böyük ağacın aşması böyük fəsad idi”.
Nuriddin Əkbərov- sakin: “Dünənki yağışla əlaqədar deyə bilərəm ki, mən tez-tez yuxarılara qalxıram, yağan yağış sel oldu, hamısı yerindəcə həll olundu. Çınqıl oldu, daşqın oldu, bir az”.
Namiq İsayev- sakin: “Rayonda yaşayıram, getmişdim, yuxarıda idim, yağış yağdı, sel düşdü, tez bir zamanda tədbir gördülər, gəldilər təmizlədilər, yollarda işlədilər”.
Bəxtiyar Əhmədov- sakin: “Dünən yağış dəhşət yağdı, hələ belə görülməmişdi, qısa müddətdə də aradan qaldırıldı. Yolu sel götürmüşdü, daşqın idi, qısa müddətdə aradan qaldırıldı”.
Fərid Mehdiyev
- Baxış: 402