Yay mövsümündə insanların sərinləmək və istirahət etmək üçün ən çox üz tutduqları məkanlar dəniz və hovuzlar olur. Gəncədə isə sakinlar dəniz olmadığı üçün hovuzlara üz tuturlar. Bəs üzgüçülük məkanlarında suyun təmizliyi və təhlükəsizlik nə dərəcədə qorunur? Qarşıdakı süjetdə bu haqda daha ətraflı.
Hovuzlar isti yay günlərində sərinlənmək, xoş vaxt keçirmək üçün yaxşı məşğuliyyət növüdür. Nizami yurdunda da sakinlər şəhərin müxtəlif ərazilərində yerləşən hovuzlara gedərək, bir neçə saat da olsa istinin təsirindən qurtulmağa çalışırlar. Ancaq bu zaman diqqət edilməli olan vacib məqamlar var. Ən başlıcası suyun daim təmiz saxlanılmasıdır. Bunun üçün Gəncə sakinləri etibar etdikləri məkanlara üz tuturlar. Həftənin müəyyən günləri, ayrı-ayrı saatlarda hovuzlardan yararlananlar xidmətlərdən məmnundurlar.
Gəncə Olimpiya İdman Kompleksində fəaliyyət göstərən üzgüçülük hovuzu bu baxımdan istisna deyil. Buraya istilərdən sərinləmək istəyənlərlərlə yanaşı, müxtəlif yaş qrupları üzrə üzgüçülük məşqlərinə gələnlər də var. Qurğuda hər zaman suyun təmizliyinə xüsusi diqqət yetirilir, eləcə də sanitariya qaydalarına əməl olunur.
Təbii ki, fəaliyyət göstərən hovuzlara aidiyyatı dövlət qurumları tərəfindən nəzarət tədbirləri də həyata keçirilir. Bu, xəstəliklərin yayılmaması üçün vacib əhəmiyyət daşıyır. Mövsüm başlayandan xoşbəxtlikdən hələlik ölkənin ikinci böyük şəhərində heç bir neqativ hala rast gəlinməyib.
Digər bir diqqət yetirilməli olan məsələ isə üzərkən baş verə biləcək xoşəgəlmaz hallar zamanı ilkin tibbi yardımdır. Bu amillə bağlı hovuzlarda mütəxəssislər fəaliyyət göstərir. Bundan başqa istirahətin korlanmaması üçün üzməyə gəlmədən öncə bir sıra tövsiyələrə əməl edilməlidir.
Gəncədə özəl sektor tərəfindən isə irili – xırdalı 6-ya yaxın hovuz sakinlərə xidmət göstərir. Onların qiymətləri isə saatından, günündən və xidmətdən asılı olaraq 10-50 manat arasında dəyişir.
Orxan Cəfərzadə
- Baxış: 481