• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 24.07.2023 16:48

Ailə qurmazdan əvvəl cütlüklər psixoloji test verəcəklər

KepezTV Player

Ötən 6 ayın statistikasına nəzər saldıqda, boşanmaların sayında gözəçarpacaq qədər artımın olduğu görünür. Eyni zamanda nikaha girmə sayı da ötən il ilə müqayisədə 40-50% aşağı düşüb. Mütəxəssislər hesab edir ki, ailədaxili problemlərin və boşanmaların artmasının səbəbi şəxsi keyfiyyətlər və psixoloji uyğunsuzluqdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunan brifinqdə çıxışı zamanı bildirib ki, ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir. Və bu test nikaha daxil olmaq üçün zəruri olan testlər siyahısına daxil edilməlidir. Bəlkə o zaman məişət zorakılığı, uşağın atılması kimi halların qarşısını almaq olar.

Bahar Muradova- AQUPDK-nın sədri: “Məişət zorakılğı, uşağın atılması, valideyn öhdəliyinin olmaması, qadın ölümləri bütün bunların baş verməməsi üçün bu ittifaq qurularkən hər iki tərəfin psixoloji durumunun vəziyyəti haqqında məlumat olmalıdır və o, testdən keçirilməlidir. Komitə olaraq biz bu məsələni qaldırmışıq. Həmin təkliflər ümumiləşdirilib, qanunvericilik aktlarına dəyişiklik edilməsi təklifinin formalaşması prosesindəyik”.

Yeni ailə quran gənclərə qan analizi məcbur olduğu kimi, psixoloji test də məcbur edilməlidir. Keçirdiyimiz sorğu zamanı məlum oldu ki, şəhər sakinlərinin də mövzuya münasibəti bu yöndədir.

Psixoloqlar deyir ki, uşaqlarda baş verən problemlərin başlıca səbəbi valideynlərdən qaynaqlanır. Fərdlər arasında münasibətin düzgün qurulmaması psixoloji travmalara yol açır.

Taciyə Mehdisoy- psixoloq: “Sözsüz ki, testdən keçirilmə, psixoloji seanslara ehtiyac olduğu təqdirdə seans almaları vacibdir. Çünki, hər bir fərd ailənin ən əsas fiquru ata-ana vəzifəsinə keçir deyə, onlar özlərinin tamamlanmamış xüsusiyyətləri ilə natamam övladlar da dünyaya gətirirlər və ailələrdə baş verən hadisələr əsasən ailə qurduqdan sonrakı problemlər kimi üzə çıxsa da ailəyə qədərki mərhələdə olan boşluqlardan daha çox qaynaqlanmış olur. Tamamlanmamış uşaqlıq illəri, qayğını rahat şəkildə görə bilməmək, maddi sıxıntılar, insanların xarakterinin formalaşmaması qarşı tərəfdən gözləntiləri artırır və əsas amil qarşı tərəfi günahlandırmadan ibarət olur. Amma sağlam şəkildə özlərinə qarşı tənqidi münasibət, eyni zamanda terapiyaları alıb, sağlam şəkildə ailəyə daxil olsalar, problemin hansı yöndə olduğunu daha yaxşı bilib, qərarlarını ona uyğun verərlər”.

Psixoloji testlə bağlı irəli sürülən təklifin tətbiq olunması önəmli amillərdəndir. Çünki, sağlam ailə cəmiyyətin əsasını təşkil edir.

Aişə Rzayeva