• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1032
— 22.07.2023 20:30

148 illik tarixi olan Milli Mətbuat

KepezTV Player

Hər bir xalqın ictimai, siyasi, mədəni həyatının necəliyini şərtləndirən amillərdən biri də mətbuatdır. Bizim də milli mətbuatımızın bu gün 148 yaşı tamam olur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan "Əkinçi" qəzeti ilə yola başlayan mətbuatımız bu gün də onun davamçıları tərəfindən inkişaf etdirilir. 

“Üzeyir ömrü” filmindən fraqment –

- Üzeyir, heç bilirsən kim gəlir bizim redaksiyaya, Həsənbəy!

- Kim, hansı Həsənbəy?

- Həsənbəy Zərdabi!

Bəli, bütün Şərq dünyasında, eləcə də Azərbaycanda milli mətbuatın əsasını qoyan kimi tanınır Həsən bəy Zərdabi. O, Həsənbəy ki, çar üsul-idarəsinin hakimiyyəti dövründə, çətin bir vaxtda 1875-ci ilin 22 iyul tarixində ilk mətbuatın əsasını qoydu. Bununla da cəmiyyətə işıq, ümid gətirdi. Həmçinin cəmiyyətə mübarizə əzmini bağışladı. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib.

Nüşabə Əsəd-Məmmədli- Əməkdar jurnalist: “Nəyi var idisə satıb o qəzeti çap elətdirirdi. Milli şürun, milli dirçəlişin bünövrəsini qoydu. Cavadxan istilasından sonra həm yerlilərimizdə çox böyük bir xof var idi. “Əkinçi” qəzetində Zərdabi üsuli-idarəyə qarşı üsyan elədi. Ona görə də qəzeti iki ildən sonra bağladılar. Çünki, o, haqqı yazırdı”.

“Əkinçi” qəzeti ilə Həsən bəy sanki bilik, vətənpərvərlik, şüur toxumunu xalqın beyninə səpdi. Sonralar o toxumlar yetişdi və yeni-yeni nəşrlər ortaya çıxdı.

Qərib Mehdi- Əməkdar jurnalist: “O  vaxt xürafat, gerilik çox idi. Qəzet həm də işıqdır. Elm yolu, işıq yolu göstərmək qəzetin vacib şərtlərindəndir. Həsən bəy Zərdabi “Əkinçi” qəzetini yaratmaqla, xalqı həm maarifləndirirdi, həm də camaat həyatını necə qurmağı qəzet səhifələrindən öyrənirdi”.

Bu baxımdan “Əkinçi” ənənələrini davam etdirən “Gəncənin səsi” qəzeti də respublikamızda çap olunan ən qocaman mətbu orqanlarından oldu. Yarandığı gündən öz dəst-xətti ilə Azərbaycanda həm milli mətbuatın inkişafına, həm də maarifçilik ənənələrinin yayılmasına layiqli töhfələr verən qəzet müxtəlif illərdə “Zərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti”, “Kirovabad kommunisti” adı ilə işıq üzü görüb. 

Rəfiqə Sadıqova- “Gəncənin səsi” qəzetinin baş redaktoru: “Qəzetin adları dəyişdirilərkən, onların sanki mövzuları da dəyişibdir. Məsələn, “Zərbə” qəzetində türkçülük daha qabarıq göstərilir. “Kirovabad bolşeviki”nə keçəndə, artıq kiril əlifbası ilə çıxıb və o dövrün siyasəti aydın görünür. Repressiyalar, təzyiqlər, senzuranın icazə verdiyi yazılar. Qəzet iki ictimai-iqtisadi farmasiya yaşayıb. Üç əlifba - əski, latın və kirillə çap olunub. 7 dəfə adı dəyişib. Qəzetin adı Gəncənin adı kimi başı bəlalı olub. 1990-cı ilin yanvarın 1-də Gəncənin adı dəyişdirilib, əsl adı özünə qaytarılıb və qəzet “Gəncənin səsi” adı kimi fəaliyyət göstərəməyə başlayıb”.

Milli mətbuatımızın təməli möhkəm olmasaydı, bugünkü mətbuatın da bu qədər inkişafı olmazdı. Yəni, nümunələr götürməyə yerimiz var. Bütün bunların hamısı isə bizim tariximizdir. O tarix ki, düz 148 ildir gəlir və gələcəyə doğru inamla addımlayır. Bayramınız mübarək Milli Mətbuatın davamçıları!

Elnur Vahidoğlu