• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 906
— 21.07.2023 20:02

"Ermənistan qəbul edib ki, Qarabağ Azərbaycandır və artıq sənədə imza atmaq mərhələsidir"

KepezTV Player

Şuşa Qlobal Media Forumu bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir. Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir. Bu fikri Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Forum iştirakçılarının suallarını cavablandıran dövlət başçısı Türkiyə-Azərbaycan münasibətlərinə, Şuşa bəyannaməsinin imzalanmasının önəminə, Cənubi Qafqazda sülhə nail olunması mövzusuna da toxunub. 

“Əgər Ermənistan ərazi iddialarından imtina etsə, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür”, deyən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan ərazi iddialarından imtina etməsə sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq, gələcəkdə də çətinliklər yaradacaq. Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqisinin açılması vəziyyəti tamamilə dəyişib. Prezident  vurğulayıb ki, bu addım özü də bir mesaj idi.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Qarabağ Azərbaycandır, hamı da təsdiq edib. Bizim bütün addımlarımız məntiqli, legitim və cəsarətli addımlardır. Laçında sərhəd buraxılışı məntəqəsinin yaradılması mühüm etapdır. Bu gün həmin addımlar legitim addım kimi qəbul edilmişdir. Bu, özü də mesaj idi. Axı biz nə qədər mesaj verməliydik?!”

 "Biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə möhtəşəm Zəfərimizi nümayiş etdirən Qarabağ müharibəsi bitən kimi biz dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq", - deyən Prezident İlham Əliyev Azərbaycan Ordusunun üç il bundan əvvəlki ordudan daha güclü olduğunu diqqətə çatdırıb. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalı olduğu barədə dörd qətnaməni də xatırladıb. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Ancaq o qətnamələrə riayət edilmədi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda, sülhün qarantiyası yalnız gücdür”.

Dövlət başçısı çıxışı zamanı keçən ilin fevralında imzalanmış Bəyannamənin Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsi olduğunu vurğulayaraq, əlaqələrin yeni strateji mərhələyə qədəm qoyduğunu da bildirib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Hər iki ölkənin həyata keçirdiyi işlərin həcminə baxarkən görünür ki, hər iki tərəf əməkdaşlığın gücləndirilməsinə və konkret nəticəyə yönəlmiş işbirliyinə yönəlib. Biz bu münasibətlərin dərinliyinə yaxşı bələdik. Bizim qarşılıqlı əlaqələrin sferası olduqca genişdir”.

Prezident İlham Əliyev Cənubi Qafqazın regional inkişafını Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılı olduğunu deyib.  

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Təəssüf, bu günədək gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək təxminən üç il keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı”.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışıb. Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Moskvada görüşəcəklərini təsdiqləyib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur. Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam olub. Onlar Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun onlar üçün nə məna daşıdığı kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”.

Prezident İlham Əliyev həmçinin növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə 150 mindən çox insanın qaytarılacağını bildirib. “Təkcə Qarabağ regionunda 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Şuşa şəhərində, ümid edirəm ki, gələn il birinci sakinlər gələcək, yerləşəcəklər”, - deyə dövlət başçısı qeyd edib.

Fərid Mehdiyev