Gəncədə əhalini fasiləsiz, dayanıqlı içməli su ilə təmin etmək üçün su-kanalizasiya xətlərinin yenilənməsi layihəsi çərçivəsində görülən işlər davam edir. Artıq magistral su və kanalizasiya xətlərinin çəkilişinin yekunlaşdığı ərazilərdə xəttdən evlərə birləşmələr edilərək, sayğaclar qoyulur. İlin sonuna kimi şəhərin 1900 abonentinin su və kanalizasiya xəttinin əsas magistral xətlərə birləşdirilməsi nəzərdə tutulur.
Gəncədə su-kanalizasiya xətlərinin çəkilişi dövlət proqramı çərçivəsində “Azərsu”nun sifarişi əsasında həyata keçirilir. Hazırda layihə ikinci mərhələ üzrə icra edilir. Şəhərin Pərviz Səmədov, Şota Rustavelli, Ordubadi, Şahsevənlər və Almas İldırım küçələrində magistral su və kanalizasiya boruları çəkilib. 420 abonentin evinə su xətti birləşmələri edilərək, sayğaclar qoyulub. Bundan başqa, 400 abonentin kanalizasiya xətti əsas boruya qoşulub.
Rəşid Əliyev- sakin: “Artezian suyundan istifadə eləmirik, o, içiləsi deyil. Ərp yaradır, böyrəkdə daş əmələ gətirir. Allah canlarına sağlıq versin, su çəkirlər, çox gözəl”.
Çimnaz Məmmədova- sakin: “Hamıda da texniki sudur, ağ su deyil. Həm də daimi gəlmir. Yarım saat su gəlir, o da bizi görmür. Yaydır, hamının ailəsi, uşağı var. Bəzən evdə olmuruq, maşın da gəlib-gedir, ala bilmirik. Amma içməli suyumuz olsa, daha yaxşı olar”.
Layihəyə görə, hazırda su və kanalizasiya xətlərinin çəkilişi şəhərin Atatürk prospektində davam edir. Həmçinin, prospektə çıxışı olan küçələrdə də işlər gedir. Burada da işlər yekunlaşdıqdan sonra ev birləşmələrinə başlanılacaq.
Rahib Aslanov- "Azərsu" ASC-nin mühəndisi: “Gəncə şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər davam etdirilir. Kanalizasiya şəbəkəsi üzrə müxtəlif diametrli xətlərin 18,5 km-dən 10 km-i, su üzrə isə müxtəlif diametrli xətlərin 16 km-dən 14 km-i icra olunubdur. Ümumi layihəni 2025-ci ilə kimi yekunlaşdırmaq nəzərdə tutulub. 2500 abonentə su və kanalizasiya ev bağlantıları nəzərdə tutulur. Eyni zamanda, su üzrə 69 km, kanalizasiya üzrə isə 66 km şəbəkənin çəkilişi nəzərdə tutulur”.
Hazırda şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması nəzərdə tutulur. Göygöl və Qızılqayadan ümumi uzunluğu 70 km olan müxtəlif diametrli su xətti çəkilib. Gəncədə yaranacaq tullantı suları isə Samux rayonu ərazisində inşa ediləcək və sutkada 110 min kubmetr layihələndirilən qurğuda təmizlənib kənarlaşdırılacaq. Ümumilikdə Gəncədə icra olunan layihədən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaq.
Elnur Vahidoğlu
- Baxış: 400