Məhərrəm ayında ən savab əməllərdən biri də qan verib, həyat xilas etməkdir. Bu gündən Mərkəzi Qan Bankının Gəncə Bölməsində başladılan aksiyada irsi qan xəstələri və qana ehtiyacı olanlar üçün ehtiyat yaradılır. Donor olmaq istəyənlər qanvermə aksiyasında iştirak edə bilərlər.
Xatirə Bəhrəmova- talassemiya xəstəsi: “Mənim kimi qana ehtiyacı olan xəstələrimiz çoxdur. Donorlarımıza təşəkkür edirəm ki, bizə həyat verirlər və onların sayəsində yaşayırıq, həyata bağlanıb, tutunuruq. Bizim qana çox ehtiyacımız var. Ona görə də bizdən qanınızı əsirgəməyin. Sizin sayənizdə varıq”.
Mərkəzi Qan Bankının Gəncə Bölməsində qeydiyyatda olan 50 talassemiya xəstələrindən biri də 41 yaşlı Xatirə Bəhrəmovadır. Valideynləri bu irsi qan xəstəliyinin daşıyıcısı olduğundan, 25 ildir donor qanı hesabına yaşayır. Ona ay ərzində 2-3 dəfə qan köçürülür. Bu cür irsi qan xəstələrinin yaşaması üçün donorların qanına böyük ehtiyac var.
Çingiz Zeynalov- donor: “Mən özüm könüllü olaraq bura gəldim ki, qan verəm. Məhərrəmlik ayı daxil olduğuna görə, insanlara tövsiyə edirəm ki, gəlib, qan versinlər. Xəstə insanlarımız var, onların həyatlarını qurtarsınlar, böyük savabı var. İnsanlara məsləhət görərdim ki, bura gəlsinlər qan versinlər. Yüksək səviyyədə də qarşılayırlar, nə lazım olsa, onu da kömək edirlər”.
Rəşad Cəfərov- donor: “Özüm bura könüllü olaraq qan verməyə gəlmişəm. Kimlər də qan vermək istəyir, gəlsin. Bu, ancaq xeyriyyəçilikdir, başqa bir fikir yoxdur. Həm özünün sağlamlığın üçündür, həm də digər insanın həyatını xilas edirsən. Bu, xeyriyyəçilikdir, çox yaxşıdır”.
Yaqut Əhmədova- sakin: “Uşağıma 17 ildir ki, qan köçürülür. Bu uşaq Bakıda qeydiyyatdadır. Aparıb qan köçürə bilirik. İstəyirik ki, qan versinlər. Xəstə uşaqlar qanla təmin olunsunlar. İstəyənlər könüllü qan verə bilərlər. Xəstə uşaqlarımız var, çoxdurlar. Xahiş edirik ki, kömək etsinlər”.
Məhərrəm ayının başlaması ilə bağlı olaraq Mərkəzi Qan Bankının Gəncə Bölməsində "Qan ver, yaşat" adlı aksiya keçirilir. Donor olmaq istəyənlər bölməyə gələrək qan verə bilərlər.
Vüsalə Əhmədova- Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri: “Qanvermə könüllü və təmənnasız prinsipi ilə həyata keçirilir. Bu günlərdə də qan ehtiyacı bir dəfəlik deyil, daimidir. Qanın saxlama müddəti az olduğu üçün, bizim hər zaman qana ehtiyacımız var. Buna görə də insanlarımızı Aşura, eləcə də digər günlərdə də qan verməyə dəvət edirik. Mərkəzi Qan Bankının Gəncə Bölməsində də talassemiyalı xəstələrimiz kifayət qədərdir. Bu xəsrələr 21 gün, bəzən də daha tez qana ehtiyac duyduqları üçün, bu xəstələrə qan sərf olunur”.
Araşdırmalar göstərir ki, daimi qan verən insanlarda infarkt riski azalır, ürək xəstəliklərinə daha az rast gəlinir, təzyiq də normal olur. 18-65 yaş arası olan hər bir qadın ildə üç dəfə, kişilər isə ildə 4 dəfə qan verə bilərlər. Odur ki, qan verərək kiminsə həyatını xilas etməklə, özünüzü də xəstəliklərdən azad etmiş olarsınız.
Elnur Vahidoğlu
- Baxış: 363