• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2071
— 19.07.2023 12:08

"Ermənistan bölgədə sülhdə maraqlıdırsa, saxta manipulyasiyalara son qoymalıdır"

KepezTV Player

Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə Azərbaycanı bir sıra əsassız iddialarla təqsirləndirərək bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib. Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan xarici işlər nazirinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə, 30 ilə yaxın müddətdə işğal altında saxladığı, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyi Qarabağda yaşayan ermənilərin “hüquq və təhlükəsizliyini” bəhanə gətirərək sülh prosesinə müxtəlif iddialarla maneçilik törətməsi Ermənistan rəsmilərinin əsl niyyətlərindən xəbər verir. “Qarabağ əhalisi” dedikdə yalnız erməni sakinlərin hüquqlarının nəzərdə tutulması və bu torpaqlardan qovulmuş azərbaycanlı sakinlərin “hüquq və təhlükəsizliyinin” gözardı edilməsi qəbuledilməzdir. Azərbaycan erməni sakinlərlə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir və Azərbaycanın bu xoşniyyətli addımlarına qarşılıq verilməsi vacibdir. Ermənistan bölgədə sülh, sabitlik və təhlükəsizlikdə maraqlıdırsa, riyakarlıq və saxta manipulyasiyalara son qoymalı və sülh prosesinin uğurla nəticələnməsi üçün beynəlxalq hüquqi öhdəliklərinə əməl etməlidir.