Ötən ay Göygöldə təlim-məşq toplanışında olan yunan-Roma və sərbəst güləş üzrə milli komandalarımızın taktiki-texniki məşqləri ilə yanaşı, əsasən fiziki göstəricilərinin yaxşılaşdırılmasına da diqqət yetirilib. Bunun üçün Amerikadan dəvət olunan fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filipp xüsusi hazırlıq keçib.
Təcrübəli çalışdırıcı yığmamız üçün yad sima deyil. Mark Alan Filipp 7-8 ilə yaxındır ki, hər olimpiya oyunları öncəsi və mühüm yarışlardan əvvəl komandamızın hazırlıqlarına cəlb olunaraq, güləşçilərimizin fiziki durumunu yüksək səviyyəyə çatdırmaq üçün xüsusi məşq proqramları tətbiq edir. Gərgin keçən fiziki məşq prosesi yarışlar zamanı uğur əldə olunmasında böyük rola malikdir. Hər iki millimizin məşqlərində fərqli yüklənmə proqramları yerinə yetirən tanınmış mütəxəssis, pəhləvanların gücünü maksimum həddə yüksəldərək qarşıdakı yarışlara töhfəsini verir.
Mark Alan Filipp- güləş üzrə milli komandaların fiziki məşqçisi: “Yunan-Roma və sərbəst güləşçilərin məşqləri arasında bir neçə fərq var. Yunan-Roma güləşində xalça üzərində yuxarı bədən hərəkətləri icra olunduğu üçün biz bədənin yuxarı hissəsinin gücləndirilməsinə daha çox diqqət ayırmalıyıq, amma əlbəttə bədənin aşağı hissəsi də əhəmiyyətlidir. Məşqlərdə tətbiq etdiyimiz bəzi elementlər daha çox sürət və cəldlik tələb edən sərbəst güləş təmrinlərindən fərqlənir. Onların gücə, həmçinin sürət və çevikliyə ehtiyacları var. Güləşçilərin maksimal fiziki gücə çatmaları üçün onlara dəstək oluram. Biz maksimal fiziki gücü inkişaf etdirə bilsək, bu, onların sürətinə və gücünə də təsir edəcək və güləşçilərə görüşlərdə kömək edəcək”.
Mark Alan Filipp toplanışlarda yalnız fiziki məşqlərə cavabdehlik daşımır. O, həmçinin idmançıların zədələnməməsi üçün bir çox məsələləri də diqqətdə saxlayır.
Mark Alan Filipp- güləş üzrə milli komandaların fiziki məşqçisi: “Güləş, zədələnmə təhlükəsinin yüksək olduğu gərgin idman növüdür. Bu məşqlərin məqsədi performansı gücləndirməklə yanaşı, görüş zamanı zədələnmələrin də qarşısını almaqdır. Güləşçilərimizin güclənməsi və daha az zədə alması üçün tətbiq etdiyimiz fiziki məşq proqramına əlavə olaraq qidalanma, yuxu rejimi, su qəbulu, masaj və tibbi personalın həyata keçirdiyi digər prosedurlar da idmançılarımızın güclü və sağlam qalması üçün olduqca əhəmiyyətlidir. Biz bu sadaladıqlarıma çox diqqət yetiririk ki, zədələri minimuma endirək və güləşçilərin karyerasında eniş yaşanmasın”.
Mark Alan Filipp Amekikada dəfələrlə "World's strongest man" yarışlarında iştirak edib. O, hətta 1997-ci ildə Amerikanın ən güclü adamı tituluna sahib çıxıb.
Orxan Cəfərzad
- Baxış: 714