Brüssel formatında Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında altıncı görüşdə Laçın yolunun Bərdə-Ağdam marşrutu ilə əvəz edilməsi ilə bağlı məsələ də müzakirə edildi. Diqqətdə saxlanılan Bərdə-Ağdam yolunun Azərbaycan üçün əhəmiyyəti nədir? Ekspertlər şərh edib.
Azərbaycan-Ermənistan arasında Brüssel formatında keçirilən görüşlərin əhəmiyyətindən biri də humanitar məsələlərin həllində danışıqların olmasıdır. Bu dəfəki, Brüssel görüşündə Qarabağda etnik erməni əhalisinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınmasının istiqamətinin dəyişdirilməsi də müzakirə edilib. Avropa İttifaqı da alternativ yoldan istifadənin mümkünlüyünü təsdiqləyib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolu humanitar yüklərin daşınmasında Laçın yolunun alternativi kimi istifadə edilə bilər. Avtomobil yolunun ümumilikdə Azərbaycan üçün əhəmiyyəti çoxdur. Belə ki, Bərdə-Ağdam avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına təsir edəcək, yük və sərnişin daşımalarında əsas rol oynayacaq, yük həcminin çoxalmasına və gəlirlərin artmasına şərait yaradacaq.
Bu yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğal edilməsi ilə fəaliyyətini dayandırıb. 44 günlük müharibədən sonra uzunluğu 47,3 kilometr olan dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər uzanan hissəsi yenidən tikilib.
- Baxış: 340