Gəncənin yetirməsi olan paralimpiyaçılar qatıldıqları yarışlarda uğur qazanıblar. Parataekvondoçular İmaməddin Xəlilov və Orxan Cəfərov ölkə hüdudlarından kənarda iki fərqli turnirdən doğma şəhərə medallarla dönüblər.
Nizami yurdunun paralimpiyaçıları Fransanın Montarqis şəhərində keçirilən yarışlarda iştirak ediblər. İmaməddin Xəlilov 70 kq çəkidə Avropa çempionatında mübarizə aparıb. O, finala qədər irəliləsə də həlledici görüşdə zədələndiyi üçün gümüş medalla kifayətlənib. İmaməddin hazırda Bakıda təlim-məşq toplanışındadır.
Cavadxan yurdunun digər yetirməsi Orxan Cəfərov isə eyni məkanda təşkil edilən Həmrəylik oyunlarında döyüşüb. Məşqlərini Gəncədə davam etdirən parataekvondoçu ilk dəfə iştirak etdiyi beynəlxalq yarışda bürünc mükafata yiyələnib.
Məşqçi İmran Zalov hər iki idmançının çıxışını dəyərləndirib. Çalışdırıcı parateakvondoçulara böyük ümidlər bəslədiklərini söyləyib.
Hər iki parataekvondoçu gələn ay paralimpiya üzrə Avropa Oyunlarında iştirak edəcək. Mötəbər yarış Niderlandın Rotterdam şəhərində keçiriləcək.
Orxan Cəfərzadə
- Baxış: 816