Bakıda saxta spirtli içki hazırlayan dəstə üzvləri saxlanılıblar. Təfərrüatları izləyək.
Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, paytaxtın Binəqədi rayonu, Gülüstan qəsəbəsində kustar üsulla, standartlara cavab verməyən gizli sexdə saxta spirtli içkilərin hazırlanması barədə daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər həmin sexdə araq, viski, tekila və sair saxta spirtli içkilər hazırlayaraq Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında satışını təşkil ediblər. Onlara məxsus sexə baxış zamanı xeyli sayda saxta spirtli içki, ancaq istehsalatda istifadəsi nəzərdə tutulan, insan sağlamlığına ciddi ziyan vura bilən texniki spirt, qablaşdırma üçün nəzərdə tutulmuş yerli və xarici aksiz markalar, etiketler, boş şüşə qablar və sair köməkçi vəsaitlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Dəstə üzvlərindən aşkar edilən hazır məhsulların qablaşdırılmasında və aksiz markalarında uyğunsuzluqlar müəyyən edilib. Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov hazırladıqları spirtli içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədləri təqdim edə bilməyiblər. Spirtli içkilərdən nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Keçirilmiş ekspertizaların nəticələrinə görə aşkar edilən spirtli içkilər istifadəyə tam yararsızdır va insan sağlamlığı üçün olduqca təhlükəlidir.
Faktla bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra mütəmadi olaraq davam etdirəcək.
Fərid Mehdiyev
- Baxış: 552