Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 3 il ötür. 2020-ci ilin iyulun 12-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı qətiyyətlə alınıb. Düşmənin 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib. Döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıb. Həmçinin ermənilərin atdığı mərminin Ağdam kəndində evlərdən birinə düşməsi nəticəsində mülki şəxs, 76 yaşlı Əziz Əzizov da şəhid olub. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Polad Həşimova və polkovnik İlqar Mirzəyevə “Milli Qəhrəman” adı verilib. Tovuz döyüşlərindən qısa müddət sonra düşmənin hücumunu uğurlu əks-hücuma çevirən Azərbaycan Ordusu cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etdi. Vətən müharibəsində bütün şəhidlərimizin qisası alındı, işğalçı Ermənistan biabırçı şəkildə məğlubiyyətə uğradıldı və kapitulyasiya aktına imza atdı.
- Baxış: 285