• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1024
— 08.07.2023 19:30

Məzun şagird və tələbələr uzun illər sonra bir arada

KepezTV Player

Həm məktəb, həm də universitet insanın həyatında unudulmaz izlər buraxır. Xüsusən də yeniyetmə və gənclik çağlarında bir yerdə təhsil aldığın kəslərlə birlikdə sinif və auditoriyalarda keçirdiyin vaxtlar. O xatirələri yeniləmək, keçmişə qayıtmaq üçün Gəncədə məktəb və universitet məzunları uzun illərdən sonra görüşüblər.

15 nömrəli məktəbin məzun şagirdləri 38 il sonra bir araya gəliblər. Yenidən parta arxasında əyləşənlər həyatda olan müəllimləri ilə söhbətləşiblər, keçmiş xatirələri yada salaraq, kövrək hisslər keçiriblər. Sinifdə 13-ü oğlan, 18-i qız olanlar məktəbi bitirdikdən sonra müxtəlif peşələrə yiyələnib, onlardan bir neçəsi dünyasını dəyişib, bəziləri isə müəyyən səbəblərdən görüşdə iştirak edə bilməyiblər. 

Nizami yurdunda daha bir görüş universitet tələbələri arasında olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisasının məzunları 45 il sonra ali təhsil aldıqları məkana toplaşıblar. O vaxtkı Həsən bəy Zərdabi adına pedaqoji institutun tələbəsi olan 50-dən çox şəxs kimisi nəvəsi ilə, kimisi övladı ilə bir vaxtlar təhsil aldıqları şəhərə ölkənin müxtəlif regionlarından gəliblər. Gənclik illərinə qayıdıblar, nostalji hisslər keçiriblər.

İstər məktəb, istərsə də universitet məzunlarının ən böyük arzusu yubiley illərində yenidən bir araya gələrək keçmişə səyahət etməkdir. 

Orxan Cəfərzadə