Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Dövlət başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Göründüyü kimi bu gün də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Prezident İlham Əliyev mühüm məqamlara toxundu.
Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsi idi. Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, soyqırım aktlarına görə məsuliyyətini etiraf etməyə çağıran dövlət başçısı, etnik azlıqlar konsepsiyasını qəbul etməyən ölkənin özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməsinin başadüşülən olmadığına diqqət çəkib.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra ölkəmizin üzləşdiyi yeni çağırışlar – dağıntılar, mina, ərazilərin bərpası, itkin düşmüş şəxslərlə bağlı problemlərin qaldırılması məsələsi də gündəmdə olub.
Qoşulmama Hərəkatı dünyada baş verən hadisələri, həll yollarını müzakirə etmək üçün önəmli platformalardan biridir. Siyasi-ekspertlərin sözlərinə görə, Fransa və Ermənistanın ikiüzlü siyasətinin, onun ağır nəticələrinin belə bir platformada səsləndirməsi ədalətin bərpası naminə mühüm əhəmiyyət kəsb edir.
Ferid Mehdiyev
- Baxış: 359