• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1686
— 03.07.2023 20:09

İğtişaşlar vətəndaş müharibəsinə səbəb olacaq?

KepezTV Player

Fransada öldürülən yeniyetmənin nənəsi iğtişaşlara son qoymağa çağırıb. Bununla belə, ölkədə baş verən hadisələrin qarşısını almaq mümkün deyil. Artıq Fransanın 10 şəhərində komendant saatı elan olunub, məktəblər bağlanıb. İfrat sağçı qrupların küçələrə axışması isə narahatlığı artırıb, ölkədə vətəndaş müharibəsi ehtimalı gündəmə gəlib. Özünü uzun illərdir demokratiya carçısı kimi təqdim edən Fransada proseslər bundan sonra necə inkişaf edəcək, iğtişaşlar hansı halda sonlanacaq?
Fransa hakimiyyəti tarixinin ən utancverici dövrünü yaşayır. İş o yerə çatıb ki, ölkədə xaos, hərc-mərclik, itaətsizlik pik həddədir. Hər ötən gün bu vəziyyət daha da dərinləşir. Aksiyalarda iştirak edən Fransa vətəndaşlarının gündən-günə sayının artması isə onu deməyə əsas verir ki, Makron rejiminə itaətsizlik kütləvi hal alıb. Bu vəziyyət Marsel şəhərində pik həddə çatıb. Hüquq-mühafizə orqanları şəhərin mərkəzinə zirehli texnikalar yerləşdirib. Amma hazırda ən təhlükəli hal Lion şəhərində yaşanır. Belə ki, burada bir qrup ifrat sağçı bələdiyyə binasının qarşısında toplaşıb. Onlar "Fransa fransızlara məxsusdur" şüarını səsləndiriblər. Bir neçə gündür Fransanın qərbində də nümayişçilərlə ifrat sağçılar arasında toqquşmalar olduğuna dair xəbərlər var. Yəni artıq polislə aksiya iştirakçılarının qarşıdurması tədricən ultra-sağçılar ilə nümayişçilər arasında toqquşmalara çevrilir. Bu isə Fransadakı hadisələrin vətəndaş müharibəsinə gətirib çıxara biləcəyinə işarə edir. 
Amma maraqlı məqam budur ki, Fransa Prezidenti getdikcə daha mürəkkəb hal alan vəziyyətin səbəbini sosial şəbəkələrdə görür, ölkədə asayişin bərpası üçün göstərişlər verməklə kifayətlənir. Vətəndaş müharibəsi riskinin olduğu bir ölkənin dövlət başçısının belə davranması isə ağıllara 2 ssenarini gətirir. Ya Makron Fransada baş verənlərin artıq dövlət böhranı səviyyəsinə çatdığını, xaos və hərc-mərcliyin dərinləşdiyini dərk etmir, ya da prosesi özü bilərəkdən bu səviyyəyə çatdırır. Fransız liderlərin problemleri həll etmək üsullarını, daha doğrusu həll edə bilmədikləri məsələlərə başqa don geyindirmək təcrübələrini nəzərə alsaq, ikinci versiya daha real səslənir. 
İstənilən halda, Yelisey rəhbərinin yarıtmaz siyasəti Avropada demokratik dəyərləri məhv edir. Fransa başda olmaqla, bir sıra aparıcı qərb dövlətlərinin 10-11 il bundan qabaq ərəb ölkələrində “ərəb baharı” adı altında təşkil etdiyi xaos indi Avropanın mərkəzində - Fransada yaşanır. Əgər Avropa İttifaqı kimi bütün qitəni təmsil edən qurumlar bu məsələdə çevik və adekvat reaksiya verməsə, qoca qitə diktatura və xaos mərhələsinə qədəm qoyacaq. Odur ki, kollektiv qərb onun imicinə zərər vuran Makron hökumətindən qurtulmaqda maraqlı olmalıdır.