• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 02.07.2023 20:16

Yay mövsümü ilə əlaqədar olaraq Göygöl Milli Parkında sıxlıq müşahidə olunur

KepezTV Player

Yay mövsümünün gəlişi münasibətilə Göygöl Milli Parkı hazırlanmış tədbirlər planına uyğun olaraq gücləndirilmiş iş rejiminə keçib. Milli parka gün ərzində təxminən 2 minə yaxın turist üz tutur.

Həsən İbrahimi- turist: “İlk dəfədir ki, Göygölə gəlmişəm. Çox gözəl, çox maraqlıdır. Mən heç bilməzdim ki, Azərbaycanın belə gözəl gölü, yeri var. Çox gözəldir və buranı gördüyümü üçün çox da sevindim”.

İstər yerli, istərsə də xarici turistlər gözəlliyi, əsrarəngiz təbiəti ilə seçilən Göygölün valehedici mənzərəsini görmək üçün Milli parka üz tuturlar. Milli parkın ərazisinin 3000 metrə qədər hündürlüyü əhatə etməsi, ərazinin ümumi coğrafi mövqeyi, biri-birindən gözəl göllər, onların ətrafında yayılmış meşələr, zəngin bitki örtüyü, başını duman alan əzəmətli dağlar günü-gündən daha çox insanın marağını çəkir.  

Ruhanə İbrahimova- turist: “Özbəkistandan -Daşkənddən gəldik. Çox gözəldir və həqiqətən belə təbiət heç görməmişdim. Havası, yaşıllığı çox gözəldir”.

Dəfinə Məmmədova- turist: “Əlli il bundan qabaq burada olmuşam. İndi tamam dəyişib, çox gözəldir, yaxşı tikililər var. Göygöl də əladır, bizim sərvətimizdir. Allah Azərbaycanı qorusun!”

Jalə Yusifova- turist: “Mən məhz Göygölü görməkdən ötrü Bakıdan gəlirəm. Çünki böyük arzum idi ki, gəlim, buranı görüm. Həqiqətən də gözəl təbiəti, havası, suyu var. Azərbaycanı çox sevirəm”.

Göygöl Milli Parkına gələn turistlərin istirahəti üçün hər cür şərait yaradılıb. Göl kənarında oturub təbiəti seyr etmək, eləcə də uşaqların burada əylənməsi üçün imkan yaradılıb. 

Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Göygöl Milli parkında 10 eko turizim marşurutu da fəaliyyət göstərir. Bu ekoturizim marşurutlarından ən böyüyü Maralgölə təşkil edilir. Maralgölə getmək istiyənlər xüsusi dayanacaqda, xüsusi ayrılmış avtomobillərlə gedə bilərlər.

Vüqar Quliyev- sürücü: “Gələn insanları Maralgölə aparırıq. Xidmət edirik. Heyvanlar var, çıxıb Maralgölü gəzirlər. Gələndə də ceyran, cüyür var, onlara baxırlar. Oradan Göygöl gözəl görünür, ona baxırlar”.

Nübar İsgəndərova- turist: “Getdik, ürəyimiz açıldı. Havası, suyu çox gözəldir. Çox əladır”.

Həşim Orucov- turist: “Uşaq vaxtı getdiyim idi. Hər cür şərait var. Təşkil ediblər, maşınlar aparıb gətirir. Maralgölü yenidən gördük. Uşaqlığımız yadımıza düşdü. Hamıya məsləhət görürəm ki, gəlsinlər, görsünlər”.

Bayram günləri və həftə sonu parka gələn turistlərin sayında daha çox sıxlıq müşayiət olunur.

Fuad Quliyev- Göygöl Milli Parkının direktoru: “İnsanlarımız da özlərinə vaxt ayırsınlar, asudə vaxtlarının gözəl keçirilməsi üçün gəlsinlər Hacıkəndə, ordan Göygöl Milli Parkına gəlsinlər. Gəlib, bu gözəl yerləri görsünlər. Burada turistlərə təqim edəcəyimiz təbiət gözəllikləridir. Əsasən biz təbiət abidələrinin, təbiət mənzərələrinin təqdimatını və gözəl saxlanılmasını gerçəkləşdirmişik. Onun mühafizəsini yüksək səviyyədə saxlamışıq ki, insanlarımız təbiətimizin gözəlliklərini görsünlər”.

Göygöl təbiətinin gözəlliyi sayəsində daima diqqəti cəlb edib və XX əsrin əvvəllərində - 1910-1912-ci illərdə ərazidə qoruq yaradılması məsələsi qaldırılıb. 1925-ci ildə Azərbaycan ərazisində ilk qoruq olan Göygöl Dövlət Təbiət Qoruğu yaradılıb. Daha sonra Azərbaycan Prezidentinin 1 aprel 2008-ci il tarixli Sərəncamına əsasən Göygöl Milli Parkı yaradılıb və ərazisi artırılaraq, 12 755 hektara çatdırılıb. Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir. Burada 423-dən çox bitki növü mövcuddur. Göründüyü kimi, Milli Park təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi, ekoturizm fəaliyyətinin təşkili və inkişafına, o cümlədən, əraziyə böyük sayda yerli və xarici turistlərin cəlb edilməsinə şərait yaradır. 

Elnur Vahidoğlu