• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1122
— 23.06.2023 20:29

Təbii fəlakətin fəsadları aradan qaldırılır, dəyən ziyan hesablanılır

KepezTV Player

Bir neçə gündür ki, Gəncədə müşahidə olunan intensiv yağıntılar, süni göldə suyun səviyyəsinin artması bır sıra fəsadlara səbəb olub. Sel suları evlərə dolub, ərazidə hərəkəti çətinləşdirib. Su basmış evlərdən birindən biri azyaşlı olmaqla, bir ailənin üç üzvü təxliyə olunub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam edir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası üzvləri təbii fəlakətin yaratdığı fəsadların yerində araşdırılması və dəyən ziyanın qiymətləndirilməsi üçün iş aparır. 

Yağan güclü yağış səbəbi ilə gələn sel Heydər Əliyev Park-Kompleksinin alt hissəsində yerləşən yaşayış yerində olan evlərə ciddi ziyan vurub. Evlərin həyatyanı sahələrinə, eləcə də mənzillərə su dolub.

Ötən gün ərazidə olan təxminən 30-a yaxın yaşayış evini su basıb, sakinlərin məişət əşyalarını yararsız hala salıb. Həyətlərdə hasarları dağıdıb. Təbii fəlakətlə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Fövqəladə Hallar Komissiyası üzvləri ərazidə olublar. Selin yaratdığı fəsadlarla yerində tanış olub, sakinlərlə görüş keçiriblər. Ərazidə olan evlərin sənədsiz olduğu, tikintisi üçün yerin düzgün seçilmədiyi müəyyənləşib. Bundan başqa ərazidə yağış sularının axıdılması üçün nəzərdə tutulan arxın qarşısının kəsildiyi də aşkarlanıb.

Səidə Qasımova- sakin: “Evimizi su basdı, demək olar ki, mən heç nə çıxara bilmədim. Hamısı bərbad vəziyyətə düşdü. Evləri su basmasının səbəbi, burda tikilən Şənlik evi oldu. Şənlik evi suyun məcrasının qarşısını kəsdi. Su da evlərə verdi. Hər zamankı kimi dövlət də bizim yanımızdadır, arxamızdadır. Dedilər, tədbir görüləcəkdir. Narahatçılığa ehtiyac yoxdur”.

Elxan Allahverdiyev- sakin: “Güclü yağışlar yağdı, evlər də düzgün relyefdə seçilmədiyindən, su daim burdan axar olduğuna görə, su tutdu. Buna baxmayaraq bizim oradan su kanalı var idi. Su oradan keçib gedirdi. Onun da üstü tutuldu, baxılmaz vəziyyətə düşdüyünə görə, su gedən yeri olmadığı üçün bizim vətəndaşlara külli miqdarda ziyan vurdu”.

Mürvət Verdiyev- sakin: “Döşəmələr pis gündədir. Məişət əşyaları yararsız haldadır. Zirzəmilərə su doldu. Dövlətimizə güvənirik, cənab başçı da bizə köməklik göstərər”.

Bundan başqa Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası üzvləri sel sularının zərər vurduğu Heydər Əliyev Park-Kompleksində olublar. Göygöl rayonundan gələn selin buradakı süni göldə fəsadlara yol açdığı haqqında məlumat verilib. Güclü sel gölü daşırıb və ətraf əraziləri su basıb. Burada olan iaşə obyektlərinə, eləcə də atraksionlara zərər dəyib. Sel suları gölün aşağı hissəsində olan bəndi məhv edib.

Gələn güclü sel Heydər Əliyev Park-Kompleksində olan süni gölün bir hissəsini tamamilə dağıdıb. Bu hissədə təmir-bərpa işlərinin aparılması üçün süni gölün suyu ətrafa çıxarılır. Dağılan bu hissədə isə təxminən 20 metr dərinliyində yarğan əmələ gəlib.

İlyas Məmmədov- "Park-Xiyaban" İstismar və Mühafizə İdarəsinin rəisi: “Dünən iki dəfə sel gəldi və göldə də daşqın yaratdı. Amma demək olar ki, göldə suyun səviyyəsi aşağı salınır. Su da müəyyən hissələrə bölünür ki, vətəndaşlara artıq ziyan dəyməsin”.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının süni göldə suyun səviyyəsinin yenidən artması ilə əlaqədar ətraf ərazilər üçün yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirləri davam etdirilir. Göldə suyun səviyyəsinin təxminən 80 sm-ə qədər endirmək və su bəndinə olan təzyiqi azaltmaq mümkün olub. Ümumilikdə əraziyə nazirliyin 31 nəfərdən ibarət şəxsi heyəti, 9 motopompa və 3 texnikası cəlb olunub. Bundan başqa, Göygöl Suvarma Sistemləri İdarəsinin 5 ağır texnikası və 20-yə yaxın canlı qüvvəsi də təhlükəsizlik səbəbilə səfərbər edilib.

İsmayıl Əvəzov- Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi: “Şəhər təsərrüfatının balansında olan göldə su dolaraq üstündən aşmağa başlamışdı. Biz dərhal texnikanı və canlı qüvvəni gölün ətrafına cəlb edərək, müəyyən törədilmiş fəsadların aradan qaldırılması istiqamətində işlərə başlamışıq. Gölün dolub, daha çox fəsadlar törətməsinin qarşısı  tərəfimizdən alınıbdır. Fəsadlar araşdırılır, bundan sonra bir qərar qəbul olunacaq - bu selin hansı məcrada yönədilməsi müqabilində işlər davam edəcəkdir”.

Gəncədə baş verən təbii fəlakətlə bağlı Fövqəladə Hallar Komissiyası tərəfindən dəyən ziyan hesablanılır. 

Elnur Vahidoğlu