• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 21.06.2023 20:08

Təbii fəlakət ciddi fəsadlar törədib

KepezTV Player

Artıq iki aya yaxındır ki, Qərb bölgəsində müşahidə edilən qeyri-sabit hava şəraiti növbəti dəfə fəsadlara yol açıb. Yağan güclü yağışın yaratdığı sel Daşkəsəndə rayon mərkəzi ilə yanaşı bir neçə kənddə infrastruktura ziyan vurub. Təbiət hadisəsi nəticəsində xəsarət alan da var. 

Daşkəsən rayonuna yağan güclü yağış Məmməd Əsədov küçəsində yerləşən çoxmənzilli binanın qarşısında olan istinad divarını tamamilə dağıdıb. Həmçinin sel suları binanın qarşısındakı yolun alt hissəsində vətəndaşa məxsus evi də qəzalı vəziyyətə salıb.

Daşkəsənə yağan yağış ən çox rayonun mərkəzi hissəsində ciddi fəsadlar törədib. Rayon sakini Zemfira Məmmədova və onun iki övladının ailəsinin yaşadığı ev tamamilə qəzalı vəziyyətə düşüb. Evin divarlarında iri  çatlar əmələ gəlib. Mənzildə yaşayan 11 nəfər  bu səbəbdən müvəqqəti olaraq qonşuların və qohumların evlərinə köçürülüb.

Təbii fəlakət Daşkəsənin Quşçu kəndində də fəsadlar törədib. Rayon mərkəzindən təxminən 10 km aralıda yerləşən kəndin çox hissəsini sel basıb. Əkin təsərrüfatlarına ciddi ziyan dəyib. İri və xırdabuynuzlu heyvanları sel aparıb. Sakinlərin sözlərinə görə, kəndə hələ indiyə kimi belə güclü sel gəlməyib.

Daşkəsən ərazisinə yağan güclü leysan yağışları rayonun Bayan, Çanaqçı, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub, bir sıra fəsadlar törədib. Dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən, bəzi yollarda nəqliyyatın hərəkəti də çətinləşib. Qaraqullar kənd sakinini isə ildırım vurub.

Sel sularının rayonda yaratdığı fəsadların aradan qaldırılması üçün rayon fövqəladə hallar Komissiyası tərəfindən işlər aparılır. Kəndlərin elektrik enerjisi ilə təminatı təmin edilib, dağılan yollar bərpa olunur.

Elnur Vahidoğlu