• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 20.06.2023 20:32

Almanların inşa etdiyi zirzəmilər aşkar edilib

KepezTV Player

Göygöl rayonunda XIX əsrə aid olan yeraltı zirzəmilər aşkar edilib. Zirzəmilərin Göygöldə yaşayan almanlar tərəfindən yaradıldığı bildirilir. Məqsəd, üzümçülük rayonunda emal edilən şərabı saxlamaq olub. 

Göygölün Heydər Əliyev prospektində aşkarlanan zirzəmilərin 1854-cü ildə alman Forer qardaşları tərəfindən inşa edildiyi bildirilir. 6 metr dərinlikdəki yeraltı məkan rayon mədəniyyət nümayəndəliyinin həyatyanı ərazisində yerləşir.

Bura zirzəminin giriş hissəsidir. Almanlar zirzəmiyə buradan daxil olurlarmış. Zirzəmiyə çəlləkləri isə xüsusi qurğu vasitəsi ilə endirirlərmiş.

Ötən ilin noyabr ayında aşkar edilən zirzəmi yeraltı şəhəri xatırladır. Aşkarlanan tikili təmizləndikdən sonra işıqlandırılması təmin edilib. Ərazisi 1380 kvadratmetr olan zirzəmi 7 böyük zaldan ibarətdir. Bu zalların beşinin uzunluğu 35, digər iksi isə 40 metrdir.

Hər bir zalın baş hissəsində piyadaların hərəkəti üçün bu cür dar keçidlər var. Bu zaldan daxil olaraq bu keçidlər vasitəsi ilə digər zirzəmilərə hərəkət edirlərmiş.

Eni 6-8 metr, hündürlüyü isə 6 metr olan zirzəmi aşkarlanan zaman içərisində çəlləklər və şərab şüşələri olub.

Zirzəmilərdə 14-18 dərəcəyə malik havalandırma sistemi quraşdırılıb. Mütəxəssislərin fikrincə burada olan bu havalandırma sistemləri saxalanan şərablar üçün olduqca məqbul hesab edilir. Çünki, bu havalandırma sistemlərinin köməkliyi ilə burada saxlanılan şərabları heç vaxt xarab olmurlarmış.

Buradakı zalların hər birinin iki girişi var. Girişlərdən biri geniş, digəri isə xırda qapılardandır. Vaxtı ilə Göygöldə yaşayan almanlar bu zallarda çəlləklərdə şərab saxlayırlarmış.

Raul Abbaszadə- bələdçi: “Göygöl rayonunda yaşamış almanlar hər biri  istər şəxsi istifadələri üçün, istər Avropaya və Çar Rusiyasına ixrac üçün  şərabçılıqla məşğul olublar. Hər birinin evlərinin və müəssisələrinin alt hissəsində böyük zirzəmilər mövcud olub. Eyni zamanda konyak və şampan istehsalı ilə də məşğul olublar. Burada ümumi 7 zal aşkarlanıb, amma ehtimal olunur ki, əlavə zallar da olsun. Bağlı olduğu üçün mütəxəssis vasitəsi ilə açılması nəzərdə tutulur”.

Zirzəmilərin Göygölün turistik məkanı kimi turist marşrutuna daxil edilməsi nəzərdə tutulur.

Raul Abbaszadə- bələdçi: “Hazırda gələcəkdə turizm işlərinin təşkili üçün restavrasiya işləri aparılır, əvvəlki vəziyyətinə qaytarılması nəzərdə tutulur. Yenidən işıqlandırılması, muzey, iaşə obyektləri və digər fəaliyyətləri nəzərdə tutulur. Ümid edirəm ki, bu zirzəmilər Göygöl rayonunun turizm potensialına çox böyük fayda olar. Turistlərin xeyli marağındadır”. 

Restavrasiya işlərini 1 ilə kimi başa çatdırmaq nəzərdə tutulur.

Elnur Vahidoğlu