• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1561
— 17.06.2023 19:34

Yeni istifadəyə verilən hospitala mediatur təşkil edilib

KepezTV Player

Tibb işçilərinin peşə bayramı günü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilən Xocavənd rayonu ərazisində yeni istifadəyə verilən hərbi hospitala mediatur təşkil edilib. Çəkiliş qrupumuz da yaradılan şəraitlə tanış olanlar sırasında olub. Hazırlanan materialı təqdim edirik.

Xocavənd rayonu ərazisində istifadəyə verilən yeni üçmərtəbəli hospital 250 çarpayılıqdır. Hospitala gətirilən əsgərlər öncə qəbul çeşidlənmə şöbəsinə daxil olur. Müayinənin nəticəsinə uyğun olaraq stasionar müalicəyə ehtiyacı olanlar terapiya bölməsinə göndərilir. Burada peşəkar həkimlər tərəfindən travmatoloji, mədə-bağırsaq, ağciyər, nevroloji və digər şikayətlər üzrə müalicələr aparılır.

Hümbət Hüseynzadə- əsgər: “İyunun 1-i bura qəbul olmuşam. Ciyər ağrısından gəlmişdim. Çox yaxşı baxdılar, müalicə etdilər, indi yaxşıyam. Tez bir zamanda da hərbi hissəmizə qayıdacağıq, xidməti davam etdirəcəyik”.

Mirfazil Kərimov- əsgər: “Bir həftəyə yaxındır ki, hospitala qəbul olmuşam. Başgicəllənmə və halsızlıq var idi. Müayinə etdilər, indi özümü yaxşı hiss edirəm. Hər şey öz qaydasındadır”.

Nurəddin Həsənov- Tibb xidməti baş leytinantı: “Prosudur otağımız var. Xəstələrin bütün iynə, dərman, tabletkalarının tətbiqi hamısı orada yerinə yetirilir. Orta-ağır vəziyyətdə olanlara isə palatalarda ilkin yardımlar olur və digər tədbirlər görülür”.

Hərbi tibb müəssisəsində qan bankı, laboratoriyalar, müalicə palataları, tibbi ləvazimatlar anbarı, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, kompüter tomoqrafiyası kabinetləri yaradılıb. 28 çarpayılıq olan dermatologiya şöbəsində də müalicə olunanlar daim nəzarətdə saxlanılır.

Emil Əzizov- əsgər: “Mən və əsgər yoldaşlarım, hərbi qulluqçular özümüzü narahat hiss etdikdə bizi bu hospitala gətirirlər. Bizim haqqımızda maraqlanıb bura qəbul edirlər. Şərait, yemək eləcə də avadanlıqlar baxımından hər şey yaxşıdır. Mülki xəstəxanalardan fərqlənmir, daha yaxşı avadanlıqlar var. Həkimlər sağ olsunlar, vaxtlı-vaxtında müalicə edirlər, minnətdarıq”.

Emin Əliyev- Dermatologiya şöbəsinin rəisi: “Tərləmə pozğunluqları və digər yara xəstəlikləri ilə xəstələri müalicə edirik. Ortalama olaraq infeksion terapiya, antifunqal terapiya, venadaxili müalicələr və daxili müalicələr kompleks şəkildə təmin olunur. Bu da xəstələrin tez sağalmalarına və xidməti yerlərinə qayıtmalarına şərait yaradır”.

İlqar Həsənov- Anestezioloq-reanimatoloq: “Bölməmizə istər cərrahi, istər terapevtik hər cür ağır xəstələrin daxil olması və onlara reanimasyon tədbirlər göstərilir. Ehtiyac olduğu şəkildə Bakı şəhərinə və digər hospitallara köçürülməsi həyata keçirilir. Fəaliyyətimiz 24 saat davam edir”.

Cərrahiyə şöbəsi də sutka ərzində ağır yaralıların dərhal cərrahiyə edilmələri üçün fəaliyyətdədir.

Hospitalın cərrahiyyə şöbəsi isə 50 çarpayılıqdır. Qospitala gələn ən ağır xəstələr isə məhz burada əməliyyat olunurlar.

İlqar Əliyev- Hospitalın rəisi: “Hospital 1 ildir ki, fəaliyyət göstərir. Burada tikili olub, ancaq hospitala yarıyacaq bir tikili olmayıb. Müdafiə Nazirliyinin təşəbbüsü ilə bu, yenidən qurulub. Tamam yenidən qurulub, hərbi qulluqçuların istifadəsinə verilib. Müasir standartlara cavab verən avadanlıqla təchiz olunmuşuq. Xəstə və yaralılara lazımi tibbi yardımı göstərməyə imkanımız var”.

Hospitalın yeməkxanası və hamam-camaşırxanası da fəaliyyət göstərir. Həyətində isə istirahət üçün lazımi şərait yaradılıb.

Elnur Vahidoğlu