Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən əhalinin məşğulluğunun təmin edilməsi diqqətdə saxlanılır. Bunun nəticəsi olaraq ötən il Regional Məşğulluq filialı tərəfindən 5 mindən çox şəxsin işlə təmin olunması həyata keçirilib.
İstənilən fəaliyyətin uğurlu inkişafı ilk növbədə yüksək ixtisaslı və peşəkar kadr heyətinin mövcudluğundan asılıdır. Bundan irəli gələrək Dövlət Məşğulluq Agentliyi əhalinin əmək şəraiti və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində işlər görür. İşsiz və işaxtaran şəxslərin peşə hazırlığına cəlb edilməsi, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilməsində yaxından iştirak edir.
Mikayıl Qurbanov- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının baş mütəxəssisi: “Dövlət Məşğulluq Agentliyinin əsas məqsədi əhalinin tam məşğulluğunun təmin edilməsidir və bu istiqamət üzrə 20-dən çox aktiv məşğulluq tədbirləri həyata keçirilir. Bunlara həm özünüməşğulluq proqramları, həm haqqı ödənilən ictimai işlər, işədüzəltmələr, peşə hazırlığı xidmətləri, əmək haqqının birgə maaliyyələşməsi və s. kimi proqramlarımız daxildir. Bununla yanaşı vətəndaşlarımızın işlə təmin olunmasında çox sayda əmək yarmarkalarımız təşkil edilir”.
Görülən işlərin nəticəsi olaraq Məşğulluq Agentliyi bu ilin yanvar-may aylarında 142 mindən çox şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 34 mindən çoxu isə “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin ediliblər.
Mikayıl Qurbanov- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının baş mütəxəssisi: “2022- i ildə Gəncə Daşkəsən Regional Məşğulluq filialı tərəfindən 5 mindən çox işsiz şəxsimiz işlə təmin olunmuşdur. Hal-hazırda Gəncə Daşkəsən Regional Məşğulluq filialı üzrə 400-ə yaxın aktiv vakansiyamız vardır. İşsiz və işaxtaran şəxlərin həmin vakansiyalara müraciət etməsi üçün məşğulluq filialına müraciət etmələri tövsiyyə olunur”.
Dövlət siyasətinin əsas istiqamətlərindən biri də dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək ehtiyatlarından səmərəli istifadənin, o cümlədən məşğulluğun təminatıdır. Ona görə də bu sahədə görülən işlərin miqyası ildən-ilə genişlənir, yeni iş yerləri yaradılır, işaxtaranların özünüməşğulluq imkanlarının artırılması diqqət mərkəzində saxlanılır.
Aişə Rzayeva
- Baxış: 268