• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 15.06.2023 10:46

Qurtuluşa gedən yol

KepezTV Player

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində böyük rolu olan və daim xalqına arxalanan Heydər Əliyevdir.

1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə idi. Eyni zamanda müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi idi. Bu tarixdə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb. Ümummilli liderin ən böyük arzusu Azərbaycanı müstəqil və bütöv görmək idi. Bu  baxımdan  Heyder Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında müstəqilliyinin qorunub saxlanması və inkişaf  etdirilməsi istiqamətində görülən əsas işlərdən  biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması olub. 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət  bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Heydər Əliyevin  birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə düşüb. 1993-2003-cü illər ərzində Ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yenilənməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ancaq, ən əsası Ümummilli liderin ən böyük arzusu Azərbaycanı müstəqil və bütöv görmək idi, onun əsas məqsədlərindən biri qısa zaman ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsi idi. Elə bu səbəbdən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu öndər olub. Onun hakimiyyət illərindən başlayaraq Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrilib. Ulu öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olub. Heydər Əliyevin işğal altında olan torpaqlarımızın azadlığı arzusunu, onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla yerinə yetirdi. 27 sentyabr 2020-ci il səhər saat 06:00-da 2-ci Qarabağ müharibəsi başladı və 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan xalqı 30 ildə yorulmadan bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. 

Günay Əsgərova