Gəncədə əhali qrupu ilə yanaşı, qeyri-əhali qrupuna aid istehlakçılardan bəziləri istifadə olunan içməli suyun pulunu ödəməkdən yayınırlar. Dəfələrlə edilən şifahi xəbərdarlığa, eləcə də maarifləndirici söhbətlərə baxmayaraq, suya görə borc artmaqdadır. Bu halın qarşısını almaq üçün reydlər həyata keçirilir. Borcunu ödəməyənlərin su təchizatı dayandırılır.
Gəncədə qeyri-əhali qrupuna aid 2400 abonent qeydiyyatdadır. Bu abonentlərdən 240-nın istifadə olunan suya görə borcu yığılıb qalıb. Məhz elə buna görə də şəhər üzrə qeyri-əhali qrupunun ümumi borcu 3 milyon 800 manata çatıb.
"Gəncə Sukanal" TSC-nin əməkdaşı: “Sizə yazılı da, şifahi də xəbərdarlıq göndərilib. Ancaq buna baxmayaraq, ödənişi çox az edirsiniz. Ona görə də bu gün sizin su təchizatınız dayandırılacaqdır. Sizin borcunuz 10 min 325 manatdır”.
Sahibkar: “Mən yeni icarəçiyəm, obyekti yeni işlədirəm. Hissə-hissə ödənilir. 500 manatdan yuxarı pul ödəmişəm”.
Xalid Hüseynov- sahibkar: “Bir ay müddətində 700 manata yaxın pul ödənilib. Çeklər də var. Mənə kiçik hissə su verilir, qalanı isə borcdan silinir. Gələcəkdə də hissəli ödəmə ilə başa çatdıracağam”.
Gəncədə əhali qrupundan suya görə borclu olanlar da az deyil. "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin işçiləri şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, İsmət Qayıbov və digər küçələrində debutor borcu olan abonentlərin evlərində reydlər keçiriblər. Ödənişdən yayınan sakinlərin su təchizatı dayandırılıb.
"Gəncə Sukanal" TSC-nin əməkdaşı: “Sizin ünvanda 815 manat borcunuz var. Dəfələrlə sizin ünvanda maarifləndirici söhbətlər aparılıb. İndi 16 saylı akt əsasında sizin ünvanda su təchizatınız dayandırılır”.
Valya Vəliyeva- sakin: “İmkan edə bilmədim. Susuz da yaşamaq olmaz. Nəyə gücüm çatır, bir hissəsini ödəyəcəm”.
Təranə Əliyeva- sakin: “Borcumuz var, satandan da qalıb. Hər ay az-az ödəyəcəm. Gəldilər məlumat verdilər, mən də ödəyəcəm”.
Reyd zamanı 40-a yaxın abonentlə maarifləndirici söhbətlər aparılıb. Su və kanalizasiya xidməti üçün ödəniş etməyən 25 abonentin su təchizatı dayandırılıb, reyddən nəticə çıxarıb, yerində borcunu ödəyənlər də tapılıb. Ümumilikdə Gəncədə əhalinin su və kanalizasiya xidmətinə görə 12 milyon borcu var.
Vüsal Əsgərov- "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin abonentlərlə iş şöbəsinin rəisi: “Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar göndərmişik. Buna baxmayaraq, bəzi abonentlər ödənişdən yayınırlar. Qeyri-əhali və əhali abonentlərimiz də var. Ona görə də reydlərimiz davam edir. Ödəniş ödəməyən abonentlərin suyunu dayandırırıq. Ödəniş edənləri idarəyə dəvət edib, hissəli ödəniş cədvəli tərtib edirik. Yerində hissəli ödəniş protokolu tərtib edirik, aybaay ödəyir”.
Gəncədə istifadə olunan içməli suya görə yığılıb qalan borclarla bağlı reydlər bundan sonra da davam etdiriləcək.
Elnur Vahidoğlu
- Baxış: 315