Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq forumu fəaliyyətini davam etdirir. Qonaqlar Şuşadan sonra ölkənin ikinci böyük şəhəri Gəncədə olublar.
Tədbir iştirakçıları forum çərçivəsində ilk olaraq Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Qonaqlara dahi Azərbaycan şairinin həyat yolu və məqbərənin tarixi haqqında məlumat verilib. Məqbərəni ziyarət etdikdən sonra qonaqlar Gəncə Dövlət Filarmoniyasında “Nizami Gəncəvi irsinin tərənnümü” mövzusunda paneldə iştirak ediblər. Filarmoniyanın qarşısında görkəmli şairin “Xəmsə”sinə daxil olan əsərləri əks etdirən kiçik səhnəcikləri izlədikdən sonra tədbir başlayıb. Forum iştirakçılarına 4000 illik tarixi olan Gəncənin Azərbaycanın mədəni həyatında mühüm rol oynadığı, Nizami Gəncəvinin burada doğulub, yaşadığı, həmçinin onun dünyaca məşhur "Xəmsə"sinin Azərbaycan və dünya ədəbiyyatının incilərindən olduğu diqqətə çatdırılıb. Görkəmli şairin yaradıcılığından ağızdolusu danışaraq, onun əsərlərinin müasir dövrdəki proseslərlə uzlaşdığını söyləyiblər.
Beynəlxalq forumda müxtəlif ölkələrdən 30-a yaxın rəsmi qonaq iştirak edib. Qonaqlar arasında yer alan BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır dünya şöhrətli Nizaminin Gəncədə anadan olmasının qururverici hal olduğunu deyib.
Forumun bədii hissəsində isə fortepianoda səslənən həzin mahnılar, musiqiçilərin şux ifaları, milli musiqi sədaları altında rəqqasların çıxışı forum iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Orxan Cəfərzadə
- Baxış: 362