Fəslin yaya doğru istiqamətlənməsi nəqliyyat vasitələrində də bir sıra dəyişiklikıəri labüd edir. Avtomobillərin yay rejiminə keçməsi kimi məsələləri aktuallaşdırır. Sürücülərin isti havalarda diqqət etməli olduğu məqamlardan ustalar danışacaq.
Ustalar deyir ki, avtomobili yay rejiminə hazırlamaq önəmli amil hesab olunur. Çünki, isti günlərdə qəzaların başvermə ehtimalı arta bilər. Buna səbəb, əsasən təkərlərin düzgün seçilməməsi və nəzarətsiz saxlanılmasıdır. İsti havalarda şinlərin təzyiqinə də tez-tez diqqət etmək lazımdır. Təzyiqi az olan şin kiçik zərbələrdə deformasiyaya uğrayır. Belə olduqda isə sürət zamanı təkər partlayır və qəza qaçılmaz olur.
Elnur Allahverdiyev- usta: “Ümumiyyətlə yay aylarında maşınla bağlı yay mövsümü gələndə şinlər dəyişilməlidir. Onlar yay və qış üçün fərqli olur. Daha sonra motorun yağları dəyişilməlidir, termostat dəyişilməlidir ki, motor qaynatmasın. Əksəriyyət su tökür, ona su tökmək olmaz. Antifriz tökülməlidir. Bunların da yaxşıları var, onları tökəndə su qatılmır. Bunlarla bağlı çox müraciət olub. Əsasən də yağları dəyişilməlidir, mühərrikin yağı -5.30, 5.40, 10.40-dır, bu yağlar dəyişilməlidir”.
Avtomobil təmiri sexinə gələn sürücülərlə söhbət zamanı bir qismi nəqliyyat vasitələrini yay rejiminə uyğunlaşdırmaq üçün ustaya müraciət etdiklərini deyirlər. Yəni işlərini vaxtında görürlər ki, sonradan çətinlik yaşamasınlar.
Sərxan Həsənov- sürücü: “Yağ ilə 5 mil sürmüşük. Vaxtı çatıbdır. 5.30 ilə hal-hazırda əvəz edəcəyik. Dəyişməsək motorda fəsadlar yarada bilər. Eyni zamanda da kondisionerin qazına baxdırırıq, filteri dəyişirik, hava filterinə baxdırırıq. Yayda bunların hamsı düzəlməlidir ki, uzaq bir yol gedəndə və ya hava isti olanda fəsad yaratmasın”.
Elmir Qurbanov- sürücü: “Hər yay olduğu kimi maşının şinlərini yay fəslinə görə dəyişirik. Çünki yayda qış təkəri ilə sürmək olmur. Yayda qış təkəri ilə sürəndə tez yiyilir, əriyib gedir. Ona görə də şinləri hər il dəyişirik. Kondisionerin qazı vurulur, filteri dəyişdirilir. Bu hallarda yay fəsli üçün müəyyən işlər görülür”.
Yay aylarında avtomobildə diqqət edilməsi daha bir məqam isə nəqliyyat vasitəsinin kondisionerləri ilə bağlıdır. Ustalar deyir ki, müaraciətlərin əksəriyyəti bununla bağlı olur.
Elnur Allahverdiyev- usta: “Müraciətlər kondisionerlə bağlı olur. Qışda kondisioneri az miqdarda işlətmək lazımdır ki, yayda onu işlədəndə yaxşı olsun. Qazı, hava filteri dəyişdirilir. Kondisionerə baxılmalıdır - harda sızma var, yoxdur. Bunlar hamısı dəyişilməlidir”.
Mütəxəssislər xəbərdarlıq edir ki, vaxtında avtomobillərə düzgün texniki baxış keçirilərsə, lazım olan əlavə tədbirlər görülərsə, yay fəslinin yaradacağı çətinliklərdən sürücünün də avtomobilin də asanlıqla çıxması mümkün olar. Həmçinin yol qəzalarının da sayının xeyli azalmasına zəmin yaranar.
Aişə Rzayeva
- Baxış: 338