Növbəti dərs ilindən şagirdlərin davranışı üçün yeni qaydalar tətbiq ediləcək. Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyevin sözlərinə görə, bu ildən 300 məktəbdə pilot layihə kimi tətbiqinə başlanılan şagird davranış qaydaları ilə bağlı monitorinqlər keçirilir, hesabatlar toplanılır. Yay tətilində yekun versiya təsdiq olunacaq. Nazirlik rəsmisi məktəblərdə aparılan monitorinqlərdən, məktəbli formalarından və bağçalardakı boş yerlərdən də danışıb.
"İyunun 10-da təxminən 150 min 4-cü sinif şagirdinin monitorinqi aparılacaq. Məqsəd həmin uşaqların 4-cü sinfin sonunda oxuyub-anlamaya nə qədər qadir olduqlarını, nələri mənimsədiklərini ölçməkdir". Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev belə deyib. Şöbə müdiri bildirib ki, ötən il keçirilən monitorinqdə Azərbaycan dili bölməsi şagirdlərinin nəticəsi, rus bölməsində oxuyanlardan yüksək olub. Bu monitorinqlərin nəticəsinin şagirdlərin sinifdən-sinfə keçməsinə təsiri yoxdur.
Elnur Əliyev- Elm və Təhsil Nazirliyinin şöbə müdiri: “İndiki halda biz iki vacib istiqamətdə baxırıq. Oxuyub anlaması və riyazi bacarıqları. Niyə iki istiqamətdə baxırıq? Ümumiyyətlə şagirdlərin digər fənləri mənimsəməsi üçün onların oxuyub anlaması çox vacibdir. Bizdə uzun müddət metodologiya olaraq məktəblərdə şagirdlərin oxuma sürətinə fikir veriblər. Oxuyur, yaxşı oxuyur, səlist oxuyur, aydın oxuyur, sözləri düzgün tələffüz edir. Bunların hamısı çox vacibdir. Daha vacib olan oxuduğunu nə qədər yaxşı anlamasıdır”.
Nazirlik rəsmisi məktəbli formalarından da danışıb. Bildirib ki, məktəbli formasına keçidi məktəbin pedaqoji şurası müəyyən edir. Qərar verilsə qaydaya uyğun yeni məktəbli formasına keçirilməlidir. Lakin yeni məktəbli formasına keçmək istəməyən məktəblər də var. Həmin təhsil ocaqlarının şagirdləri könüllü şəkildə seçimlərinə uyğun geyinəcəklər.
Elnur Əliyev- Elm və Təhsil Nazirliyinin şöbə müdiri: “Məktəb toplaşıb qərar verə bilər ki, biz forma istəmirik. Balaca məktəbik, 10 uşağımız var, hərə nə tapar, geyinər gələr. Yaxud da 10 olmasın lap 100 uşaq olsun, 500 uşaq olsun, bunun məsələyə aidiyyati yoxdur, yəni demək istəyirəm ki, məktəb müəyyən edir, pedaqoji şura müəyyən edir ki, onlar yeni təsviri də müəyyən olunmuş formalara keçirlər, keçmirlər. Burada məktəbin kontekstində keçməmək də mümkündür”.
Elnur Əliyev gələn ay uşaqların bağçalara qəbulu üçün elektron qeydiyyatın başlayacağını deyib. O, həmçinin 150-dən çox bağçada müdir yerinin boş olduğunu bildirib. Qeyd edib ki, bu il ilk dəfə bağça müdirlərinin işə qəbulu mərkəzləşmiş qaydada həyata keçiriləcək və 200-ə yaxın vakant yer təqdim olunacaq.
Fərid Mehdiyev
- Baxış: 271