Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün müxtəlif tərəflər var və bu müxtəlif tərəflərin fərqli maraqları və davranışları ola bilər. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, bəzi tərəflər sülhün əldə olunmasına qarşıdır. Ceyhun Bayramov Ermənistanın əsir götürdüyü hərbçilərin məsələsinə də toxunub.
Ermənistanın hərbçilərimizi saxlaması əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, hərbçilərin Ermənistan-Azərbaycan sərhədini çətin hava şəraiti səbəbindən keçdiklərini diqqətə çatdıraraq, məsələnin həm ikitərəfli, həm də digər görüşlərdə müzakirə edildiyini qeyd edib.
Ceyhun Bayramov- Xarici işlər naziri: “Son müddət ərzində iki ölkə arasında belə bir razılaşma var idi ki, sərhəd xəttini səhvən keçən hərbçilərin geri qaytarılması vacibdir. Bu, tərəflər arasında bir etimad quruculuğu tədbiri kimi dəyərləndirilə bilər. Məhz bu razılaşmanın nəticəsi olaraq, Azərbaycan tərəfi ümumilikdə 10-dan artıq erməni hərbçisini və mülki şəxsini geri qaytarıb. Biz, hesab edirik ki, Ermənistan tərəfindən atılan addım əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir. Hesab edirik ki, bu çox yanlış inkişafdır, çox təhlükəli inkişafdır. Və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.
Sülh müqaviləsi ilə bağlı məsələyə də toxunan Xarici işlər naziri qeyd etdi ki, prosesin nə qədər müddət çəkəcəyəni proqnazlaşdırmaq çətindir. Hələ də açıq qalan məsələlər, razılaşdırılmamış nüanslar kifayət qədərdir.
Ceyhun Bayramov- Xarici işlər naziri: “Azərbaycan tərəfi sülh müqaviləsi, sülh gündəliyinin irəli aparılmasında təbii ki, israrlıdır, biz bunun qaçılmaz olduğuna inanırıq. Hesab edirik ki, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması barədə saziş hazırlanmalıdır və imzalanmalıdır. Bu prosesdir. Və bu prosesin nə qədər zaman çəkməsini proqnozlaşdırmaq çətindir. Vaşinqton danışığında bəlli bir praktiki müsbət nəticələr olmuşdur- bəzi maddələr üzrə razılığa gəlmək mümkün olmuşdur və beləliklə razılaşdırılmış maddələrin sayı artmışdır. Ancaq hələ də açıq qalan məsələlər, tərəflər arasında tam razılıq əldə olunmayan məqamlar hələ kifayət qədərdir”.
Ceyhun Bayramov onu da bildirdi ki, yaxın zamanda Vaşinqtonda Azərbaycan- Ermənistan arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulur. Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində İran tərəfindən müraciət daxil olub. Ceyhun Bayramov bildirdi ki, rəsmi Bakı İrandakı səfirliyinə hücumla bağlı cinayət işini davam etdirir. Nazirin sözlərinə görə, Azərbaycan tərəfi cinayətkarın və sifarişçilərin müəyyən edilərək ən sərt formada cəzalandırılmasına əmin olmalıdır. Bununla bağlı İran tərəfi bütün zəmanətləri sözdə deyil, əməldə sübut etməlidir. Yalnız bundan sonra növbəti addımlar barədə danışmaq olar. Qeyd edək ki, bu gün ADA Universitetində diplomatlar üçün “Xarici Siyasət Proqramı”nın bağlanış mərasimi keçirilib. ADA Universitetinin rektoru Hafiz Paşayev və Xarici işlər naziri Ceyhun Bayramovun da iştirak etdiyi mərasimdə iştirakçılara sertifikatlar verilib, onlar 8 ay davam edən proqramla bağlı təəssüratlarını bölüşüblər.
Fərid Mehdiyev
- Baxış: 317