Bir neçə gündür ki, qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti ötən gün Şəmkirdə də fəsadlar yaradıb. Yağan yağış rayon mərkəzi və kəndlərdə selə səbəb olub. Əkinçilik və maldarlıqla məşğul olan kəndlilərlə yanaşı fərdi evlərə də ziyan dəyib.
Sakin: “Bir vaxt gəldim ki, qapıdan sel vurdu. Bura gölün içindədir. Ağladım, çığırdım, yanğınsöndürənlər gəldi suyu çəkdi. Qoyunu tövlədən “Qazel”ə yığdıq. Tövlədə bu boyda su oldu. Əkindən əlimi üzmüşəm. Xiyara suyu stəkanla verirdik. Yağış bir gün axşama kimi yağdı”.
Şəmkirə yağan güclü yağış və onun yaratdığı sel ən çox rayonun Zəyəm qəsəbəsində fəsadlar törədib. Rayon mərkəzindən təxminən 20 km aralıda yerləşən qəsəbənin əksər hissəsini sel basıb. Sakinlərin sözlərinə görə, hələ indiyə kimi rayonda belə güclü yağış və sel olmayıb. Son bir neçə gündür ki, qəsəbə ardıcıl yağan güclü yağışlardan sonra selə təslim olur.
Şəmkir rayonunun Zəyəm qəsəbəsinə yağan güclü yağış və gələn sel qəsəbənin sakinlərinin yaşadığı evlərə daha çox ziyan vurub. Sakinlərin yaşadıqları evlərdə bir sıra fəsadlar törədib.
Yaşayış evləri ilə yanaşı əkin sahələri də yararsız hala düşüb. Selin daha çox ziyan vurduğu istixanalarda əkilən tərəvəzlər yararsız hala düşüb. Meyvə ağaclarının məhsuldarlığı aşağı düşüb. Eləcə də toyuq-cücə və xırdabuynuzlu heyvanlar arasında da tələfat var.
Sel sularının rayonda yaratdığı fəsdların aradan qaldırılması üçün rayon Fövqəladə hallar komissiyası işlər aparır. İlkin olaraq kəndlərə elektrik enerjisinin verilməsi bərpa edilib, sel sularının yurduğu yollar istifadə üçün açılıb.
Bundan başqa rayon ərazisində sakinlərə dəyən ziyan da hesablanır.
Elnur Vahidoğlu
- Baxış: 316