• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 05.06.2023 11:53

Kəpəz Müstəqil Teleradio Şirkətinin 30 illik yubileyi

KepezTV Player

Hər başlanğıc hekayəsinin arxasında təcrübələr, çətinliklər dayanır. Fəaliyyətinə xatirələrlə dolu böyük bir hekayə sığışdıran “Kəpəz Müstəqil Teleradio” şirkəti təcrübələrindən aldığı ilhamla xeyli yol qət edib. 1993-cü ilin yayında Gəncədə fəaliyyətə başlayan telekanal bu gün 30 yaşını qeyd edir. Yubileyini qeyd etdiyi bu ildə Audioviziual Şuranın 11 oktyabr 2022-ci il tarixli müvafiq qərarı ilə Kəpəz televiziyasına peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib. Deməli, televiziyamızın və əməkdaşlarının görəcəyi əsas işlər hələ qabaqdadır.

İş demişkən, illərdir fasiləsiz çalışan, xidmətləriylə insanları maarifləndirib əyləndirən “Kəpəz”dəki kadrarxası mənzərə, əməkdaşların iş prosesi, yəqin ki, sizə də maraqlıdır. Vaxt onları tanıma və təbriklərini eşitməyindir. Gedək.

Gündə 3 dəfə “Kəpəz Xəbər”lə son məlumatları öyrənən izləyicilər axşam saatlarında “Bu gün” informasiya programı ilə yeniliklərdən xəbərdar olur.  Ən son xəbərləri diqqətinizə çatdırmaq üçün əməkdaşlarımız səylə çalışır. Necə? Gəlin görək.

Xəbərlər departamentinin prodüseri Turqan xəbərdən öncəki son vəziyyəti yoxlayır. Edilən hər hansı bir ani dəyişiklik onun nəzərindən qaçmaz.

Turqan Əliyev– Xəbərlər Departamentinin prodüseri: “30 illiyimiz münasibətilə kollektivdə çalışan bütün əməkdaşlarımızı təbrik edirəm. Ümid edirəm ki, bizim bu 30 illiyimiz daha da böyük uğurlara gətirib çıxarar. Yeni-yeni proqram, verilişlərlə yeni əməkdaşları cəlb edərək ailəmizi daha da böyüdə bilərik və 100 illiyimizi qeyd edərik”.

Həftə içi 5 gün isə həyatınız maraqlı mövzularla rənglənir.  Səhər saat 10:00-da “Bu sabah” ekranlarınıza gəlir. İstəyərdim, canlı olaraq yayımlanan verilişin kollektivini elə iş başında yaxalayaq.

Vaxt “Bu sabah” kollektivini tanımağın və onların kadr arxasında nələr yaşadığını bilməyindir. Getdik.

Raminin gördüyü işlər hamıya bəllidir. Bəlidir deyirəm, çünki ekranda gördüyünüz bütün yazılar məhz onun əliylə yazılır.

Ramin Sadıqov– Kompüter dizayneri: “Mən də artıq 15 ildir ki, Kəpəz televiziyasında fəaliyyət göstərirəm. Bu 15 il ərzində bir çox layihələrdə, bir çox verilişlərdə mənim də əməyim var. Geriyə dönüb baxdıqda xoş təəssüratlar, gözəl əmək görürəm. Buna görə də, mən bütün izləyicilərimizə də öz təşəkkürümü bildirirəm. Bir yerdə, birlikdə daha böyük zirvələri fəth etmək diləyilə yubileyimiz mübarək olsun”.

Redaktorumuz Sahibəyə baxın, necə də ciddi şəkildə Mehribanı dinləyir. Hər şeyə vaxtında müdaxilə etmək üçün hazırdı. Bax buna deyərəm, məsuliyyətli işçi.

Sahibə Abdullayeva– Redaktor: “Kəpəz ailəsi olaraq artıq 30 yaşımızı qeyd edirik. Və nə xoş mənə ki, mən də artıq bu ailənin bir üzvüyəm. Birlikdə bol uğurlar arzulayıram. 30 yaşımız mübarək!”

Prodüserimiz Firuzə. Bütün günü müxbirlərdən süjet materiallarının məlumatlarını istəyir. Sakit dayanmağına baxmayın, o da işinə xeyli ciddi yanaşır.

Firuzə Alıyeva– Prodüser: “Kəpəz TV-nin 30 yaşı olur və mən də bu yubiley ilində burada olmaqdan çox xoşbəxtəm. Kollektivimizdə çox səmimi, gülərüz insanlar var və hər biri ilə çalışmaq mənim üçün çox sevindiricidir. Kəpəz TV məni şəxsi olaraq da çox inkişaf etdirir. İnşallah, bundan da böyük uğurlara birlikdə imza ataq. Yubileyimiz mübarək”.

Səs rejissorumuz Namiq həmişə deyir, mən olmasam, səsiniz gəlməz. Sənin də səsin həmişə “Kəpəz”dən gəlsin, Namiq.

Namiq Məmmədov– Səs rejissoru: “Mən də öz növbəmdə televiziyamızın 30 illik yubileyi münasibətilə bütün əməkdaşlarımızı təbrik edirəm. İnşallah, uğurlarımız bol olar. Yüz yaşını qeyd edərik”.

Veriliş boyu əzmlə çalışan komandanın bir üzvü də aşağıda, studiyadadır. İndi onun yanına gedirik.

Xuramanın başı həmişə qarışıq olur. Nə vaxt baxsan verilişə dəvət etmək üçün qonaq axtarır. Çox bəllidir, bu qız işini sevir!

Xuraman Rövşən– Koordinator: “Bu yaş münasibətilə rəhbərlik başda olmaqla, bütün əməkdaşlarımızı təbrik edirəm. Arzum budur ki, hər zaman ən yüksək zirvələri fəth edək. Və mən də bu kollektivlə çalışmaqdan çox məmnunam”.

Baxın, burada kim var? Qaranlıq otağa səs salan texnikaların başında dayanan Tale səssizcə öz işini görür. Sükutunu pozmağın vaxtıdır.

Tale Hüseynov– Baş texnik: “Amalımız budur ki, gələcək illərdə Kəpəz televiziyasını adı kimi zirvələrə daşıyaq. Bu 30 il münasibətilə 30 il ərzində Kəpəz TV-də çalışan, əziyyəti keçən hər bir kəsi təbrik edirəm”.

Tam sağollaşıb çıxacaqdıq, operatorumuzun kamerasına tuş gəldik. Yaxşı, Bəhram, sən də ürək sözlərini de.

Bəhram Dəryagir– Operator: “15 ildir hal-hazırda Kəpəz televiziyasında çalışıram. Bizim həm uğurlu günlərimiz olub, həm ağır günlərimiz. Bizim qabaqda uğurlu layihələrimiz olacaqdır”.

“Bu sabah” kollektivi ilə elə iş başında tanış olduq. Sual yaranır, bu maraqlı verilişlər efirə necə hazırlanır? Elə hazırda izlədiyiniz bu süjeti efir üçün hazırlayan dizayn və montaj əməkdaşımızı tanımağın vaxtıdır.

Bir buna bax, məni göstərirlər. Yaxşı adam montajının üstünə gələrmiş... Nə isə, indi susmaq vaxtıdır, Səxavət danışacaq.

Səxavət Abdıyev– Dizayn və montajçı: “Kollektivimizi təbrik edirəm ilk öncə. Ümid edirəm ki, bundan sonra da indiyə kimi necə fəaliyyət göstərmişiksə, yaxşı uğurlara imza atmışıqsa, bundan sonra da elə edərik. Və hər zaman da “Kəpəz” kimi zirvələrdə olarıq”.

Televiziyada hər adamın işi məsuliyyətlidir, vacibdir. Çünki efir səhvi bağışlamır. 24 saatlıq yayımda isə bir an belə dayanmaq olmaz. Bəs bağlı qapılar arxasında nələr baş verir? Efir otağımıza yollanırıq...

Ekrandan bir an gözünü ayırmır, Elmar. Görünür, Kəpəz TV-nin ən aktiv izləyicilərindəndir. Görək o nə deyəcək.

Elmar Həşimov– Efir rejissoru: “Komandaya yeni qoşulsam da, işimin məsuliyyətli və ciddi bir iş olduğunun fərqindəyəm. İnşallah, gələn yubileyində də burada çalışaram. Təbrik edirəm Kəpəz TV-nin 30 illiyi münasibətilə. Neçə belə illərə”.

Efir demişkən, şənbə günləri saat 20:00-da “Kəpəz”də yayımlanan “Dostlar” verilişini də unutmaq olmaz. Xatırlatmaq və unutdurmamaq onların işidir.

Bəzən də aktiv izləyicilərimiz evdə olmur deyə “Kəpəz”i televiziyadan izləyə bilmir. Məyus olmağa dəyməz. Çünki 2009-cu ilin yay aylarından etibarən “www.kepeztv.az” saytı da fəaliyyət göstərir. Canlı yayım və  “Kəpəz TV” ilə bağlı vacib məlumatları sayta kimlər, necə yerləşdirir? Bilməyin vaxtıdır.

Yenə hansısa yeni informasiya vaxt itirmədən sayta yüklənir. Çox operativ işləyir, Aydın.

Aydın Həsənov– Veb administrator: “Kəpəz televiziyasının sayt administrasiyası adından ilk növbədə bütün əməkdaşlarımızı səmimi qəlbdən təbrik edirəm. Ümid edirik ki, işimiz davamlı olar, uzunmüddətli olar. Kəpəz televiziyası, ümumiyyətlə, bu 30 il ərzində gənclərə çox mühim bir yer ayırıb. Peşəkar, təcrübəli işçilər də öz təcrübəsini bölüşür. Bu da təbii ki, biz gəncləri, həqiqətən də, çox sevindirir”.

Televiziya işi genişdir. Efirə maraqlı və kreativ çəkilişlər ötürmək üçün onların da köməyindən yararlanırıq. Söhbət təsərrüfat departamentindən gedir. Elə indi də həmin departamentdəyik.

Məncə, Elnarə xanım ürəyində deyir, görəsən, bu qız yenə nə istəyəcək. Yox, bu dəfə təbriklərinizi eşitmək üçün gəlmişik.

Elnarə Bağırova– Təsərrüfat departamentinin rəhbəri: “Özümüzü təbrik edirəm. Uğurlarımızın bol, müvəffəqiyyətlərimizin çox olmağını arzulayıram. Bundan da yaxşı, uğurlu zirvəyə getməyimizi arzulayıram. Kəpəz TV-nin 30 illiyi və ad günü mübarək olsun”.

“Kəpəz televiziyasında nələr baş verir?” sualına, yəqin ki, cavab tapıldı. Hər kəs öz işinin başındadı və ən yaxşı şəkildə öhdəsindən gəlməyə çalışır. Uğurları ilə izləyicilərini də, dinləyicilərini də sevindirir. Dinləyiciləri deyirəm, çünki...

2013-cü ilin fevral ayından bəri 93.3 və 102.7 tezliklərində Kəpəz FM də fəaliyyət göstərir. Musiqiləri və verilişləri ilə dinləyənlərin ruhunu oxşayır.

İşimiz budur. Maarifləndirmək, düşündürmək, əyləndirmək. Bunu bacardığımıza inanırıq və deyirik ki, tezliklə yeni layihələrlə qarşınızda olacağıq. İzləyin ki, növbəti yubileylərimizi də birlikdə qeyd edək. Hələlik isə xoş sabahlar!

Aysel Abbasova