• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1576
— 04.06.2023 20:39

"Rent a car" xidmətinə maraq artıb

KepezTV Player

Ölkəmizdə maşın sahibi olmaq dəbə çevrilib desək, yanılmarıq. Əsasən də lüks maşın sahibi olmaq ki, buna kənardan maraq daha böyükdür. Amma bu gün öz lüks maşınları olanlarla bərabər, onları icarəyə götürüb, istifadə edənlər də az deyil. Bəs xüsusi məqsədlər üçün istifadə olunan bu maşınlara şəhərimizdə təlabat necədir və icarəsi mümkündürmü? Əməkdaşlarımız Gəncədə yerləşən “Rent a car” xidməti göstərən salonlarda olublar.

Son illər ölkəmizdə avtomobillərin icarəsi xidmətindən geniş istifadə olunur. Artıq şəhərimizdə müxtəlif modellərdə olan avtomobilləri biznes, turizm şəxsi və digər məqsədlərlə kirayələmək mümkündür. Burada olan avtomobillərin qiyməti modelindən asılı olaraq 60 manatan 160 manata kimi dəyişir.

Ölkəmizdə geniş yayılan və nisbətən yeni xidmət sayılan “Rent a car” - maşın icarəsi xidmətinə maraq son vaxtlar daha da artıb. Xidmətdən şəhərə gələn əcnəbi qonaqlar, iş üçün istifadə edən insanlar yararlansa da, kirayə maşınlardan daha çox toy karvanları üçün istifadə olunur.

Kəbirə Əzimova- şirkətin əməkdaşı: “Daha çox qıraqdan gələnlər- ölkələrdən, şəhərlərdən gələnlər icarəyə götürürlər. Şəhərdə idarə eləmək üçün götürürlər. Ekonom maşınlara üstünlük verirlər. “Serato”, “Elentra” qiymətləri münasib olduğuna görə daha çox onlara təlabat var. Toy üçün “S Kalss” var bizdə, “BMW F10” var, “Gelandewagen” var, bu 3 maşın toy üçün stifadə olunur”.

Hazırda şəhərdə fəaliyyət göstərən əksər şirkətlər maşınları minimum 1 günlük kirayə verir. Qiymətlər avtomobilin marka və icarə müddətinə görə dəyişir.

Rufan Məmmədov- müştəri: “Gəlmişdim dostum üçün maşın götürməyə. Onun toyu olacaq, ona görə. “Gelandewagen”, “S Kalss” maşınları var idi. Elə “Gelandewagen” götürdük. 150 manata deyirdilər, 140-a razılaşdıq, sağ olsunlar”.

Kəbirə Əzimova- şirkətin əməkdaşı: “Məsələn, bizdə “Kia Optima”, “Hyundai Sonata”, “Kia Sportage”, “Hyundai ix35”-dir, bunların 1 günlük icarəsi 90 manatdan başlayır. Amma belə daimi müştərilərimiz də olur, onlara endirim edirik. Bir günlük götürənlərə nisbətən çox günlük götürənlərə qiymətlərdə daha çox endirim edirik. “Niva”, “Lada Priora” bunlar mexaniki olduğuna görə 1 günlük icarəsi 60 manatdan başlayır. Toy maşınları “BMW F10” 140 manat, “S Kalss” 150 manat, “Gelandewagen” 1 günlük icarəsini 160 manata veririk”.

Nəqliyyat vasitəsi sürücülük hüququ olan şəxsə sənədləşmə prosesi aparıldıqdan sonra icarəyə verilir.

Kəbirə Əzimova- şirkətin əməkdaşı: “Rəsmiləşdirmək üçün ümumiyyətlə bizim öz qaydalarımız var. Yaş həddi 24 yaşdan başlayır. Sürücülük vəsiqəsinin ən az 2 illik stajı olmalıdır. Sürücülərdən bu sənədləri tələb edirik- müqaviləni sənədləşdiririk, yol vərəqəsi veririk. Məsələn; polis saxlayanda, hər hansı bir problem olduqda, o yol vərəqəsini təqdim edir”.

O ki, qaldı avtomobilə dəyən ziyanın ödənilməsinə - bu məsələ müqavilə ilə həll olunur. Sənədə əsasən sığorta şirkəti və ya sükan arxasında əyləşən şəxs dəymiş ziyanı ödəyir. Mütəxəssislərin fikrincə “Rent a car” xidmətinin genişlənməsi bölgə turizminin inkişafı ilə əlaqəlidir. Təlabatın artması bu sahənin getdikcə böyüyəcəyini deməyə əsas verir.

Aişə Rzayeva