Ötən gecədən başlayaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub. Bununla əlaqədar dərhal Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub. Şəmkir şəhəri və rayonun Zəyəm qəsəbəsində su basmış yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri davam etdirilir.
Bundan başqa, Ağstafa rayonunda gecə yağan güclü yağış nəticəsində Köçəsgər kəndində 26 evi su basıb. Kəndin Kotan dağı istiqamətində bostan dərəsi adlanan ərazidən yaşayış məntəqəsinə axan sel suları kəndin yolları ilə yanaşı, təsərrüfatlara da zərər verib.
Təbiət hadisəsindən sonra əhali evlərini tərk edərək, yaxınlarının yaşadığı evlərə daşınıb. Əraziyə gecə ilə rayon Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da baxış keçiriblər, müvafiq tədbirlərin görülməsi üçün göstərişlər verilib.
Göygöl rayonunun mərkəzinə və ucqar kəndlərə də güclü yağışdan sonra dolu yağıb. Yağan leysan yağışlar və dolu Daşkəsən, Gədəbəy rayonlarının dağ kəndlərindəki əkin sahələrinə, meyvə ağaclarına da zərər vurub. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.
Fərid Mehdiyev
- Baxış: 252