Gəncə Dövlət Kukla Teatrı Beynəlxalq teatr festivalında ölkəmizi layiqincə təmsil edərək qədim Nizami yurduna qayıdıb. Hazırda kollektiv yeni festivalların hazırlığını edir. Teatr Bakıya və Türkiyəyə yollanacaq.
Gəncə Dövlət Kukla Teatrı ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə keçirilən festivaldan qayıdıb. Kollektiv mayın 26-dan 31-dək Konyada Türkdilli dövlətlərin teatrlarının 15-ci “Min nəfəs bir səs” Beynəlxalq festivalında iştirak edib. Qazaxıstan, İran, Türkmənistan, Kosova, eləcə də Türkiyənin Ankara, Ərzurum və Diyaarbakır Dövlət Teatrlarının qatıldığı festivalda Gəncə teatrı xalq yazıçısı Rəsul Rzanın "Ana qaz" tamaşası ilə çıxış edib.
Zülfiyyə Əliyeva- aktrisa: Mən bu tamaşada “Ana qa”z rolunu yaradıram. Bu rol olduqca maraqlı, eləcə də düşündürücü bir roldur. Burada nəinki balacalara, eləcə də böyüklərə də mesajlar verilir. Festival da çox maraqlı, yaddaqalan keçdi. Tamaşaçılar tərəfindən alqışlarla qarşılandı”.
Məhəmməd Hacıyev- aktyor: “Mən ilk dəfədir ki, xarici ölkəyə festivala gedirəm. Festival mənim üçün yaddaqalan oldu. Burada yaratdığım obrazla tamaşaçıların çox xoşuna gəldik. Hər kəsə uğurlar arzu edirəm”.
Quruluşçu rejissoru və musiqi tərtibatçısı Şamil Məmmədli, xareoqrafı Fərmail Paşayev, quruluşçu rəssamı Məhəmməd Hacıyev olan tamaşada aktyorlar Zülfiyyə Əliyeva, Səməd Xanəhmədov, Nahidə Namazova, Nərmin Şərifova rol alıblar. Teatrın çıxışı münsiflər heyətinin kubok və diplomuna layiq görülüb. Qazanılan bu uğur kollektivə böyük stimul verir. Şamil Məmmədli- teatrın baş rejissoru: “Bu festivala xarici ölkələrdən 67 kollektiv müraciət eləmişdi. Onların içərisində 7 teatr o cümlədən biz də seçildik. Biz burada səhnə tərtibatında, işıqlarla yeniliklər etdik. Şübhəsiz ki, bu da tamaşaçıların rəğbətini qazandı”.
Fərmail Paşayev- Gəncə Dövlət Kukla Teatrının direktoru: “Biz bununla kifayətlənmirik. Hazırda paralel bir neçə tamaşa üzərində də məşqlər edirik. İyul ayının ortalarına kimi mövsüm bağlanır. Buna kimi isə çalışacağıq bütün bu tamaşaları təhvil verək”.
Gəncənin Kukla teatrı həmçinin 13-17 iyun tarixlərində paytaxt Bakıda keçiriləcək "Kukla Teatrları həftəsi"nə qatılacaq. İyulun sonunda isə yenidən Türkiyəyə yollanacaq. Bu dəfə Samsunda keçiriləcək Beynəlxalq teatr festivalında ölkəmizi təmsil etmək üçün.
Elnur Vahidoğlu
- Baxış: 376