1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü. Uşaqların inkişafı və təhsili, onların rifahı ilə bağlı daim gündəmdə saxlanılmalı olan məsələlərə diqqətin fokuslandığı gün. Bu, xüsusi bir gündür ki, dünya ölkələri məhz uşaqlardan danışır, “Uşaqlar Günü” kimi bayram səviyyəsində qeyd edir 1 iyunu.
Uşaqlar bugünün sabahı, sabahın ümididir. Dünya ölkələri müəyyən bir səviyyədə inkişaf edənədək əhalinin ən həssas qruplarından sayılan uşaqlar daim diqqət tələb edir. Odur ki, dövlət səviyyəsində sosial müdafiə siyasətinin, uşaqların sağlamlığı və təhsili üçün nəzərdə tutulan xidmətlərin, bu istiqamətdə qəbul olunmuş qanunvericiliyin olması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə də uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Uşaqların müdafiəsi təkcə qanunvericilik zəminində və xüsusi qurumların nəzarəti altında deyil, həm də fərdi şəkildə insanların üzərindən – cəmiyyət vasitəsilə həyata keçirilməlidir. Uşaqların ən erkən yaşlarından etibarən göstərdiyimiz hər davranış nümunəsi onların həm fiziki, həm psixoloji, həm də sosial inkişafında silinməz izlər qoyur. Bu günün sağlam bədənlə və sağlam psixologiya ilə böyüyən uşaqları gələcəyin peşəkar mütəxəssisləri və uğurlu şəxsiyyətləridir.
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. 1 iyun xüsusi bir bayram kimi qeyd olunsa da, bu gün uşaqlara xüsusi qayğı və sevginizi əsirgəməsəniz də, bilin ki, onlar üçün nəinki günlər, hətta illər ərzində sevgi və qayğı ən başlıca ehtiyac olaraq qalır. Bir uşağa hədiyyə verilə biləcək ən dəyərli şey zamandır. Onlara sevməyi, paylaşmağı, öyrənməyi, ədalət duyğusunu ən gözəl şəkildə öyrətmək bizim borcumuzdur.
Fərid Mehdiye
- Baxış: 284