• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 01.06.2023 12:25

Uşaqlar - dünyamızın ən gözəl rəngləri

KepezTV Player

Həyatda bəzi anlar olur, sözlə ifadə oluna bilmir. Göyqurşağına bənzəyir, rəngləri ilə həyatına işıq salır. O işıq bir uşağın sənə baxan gözlərindən ruhuna axır. Gülüşü qəlbini isidir, həyatdakı bütün kədəri unutdurur. Saflığı yenidən inanmağa vadar edir. Balaca varlığı ilə sənə böyük sevgini öyrədir. Yaşamaq istəyirsən, artıq sadəcə onunla! Sanki yenidən doğulursan, birlikdə həyatı kəşf edirsiniz. Hər sözü düşündürür, o axtardıqca sən də bu yaşına kimi bilmədiklərini kəşf edirsən.

Bəzən də öyrəndiyin əylənmək olur. Bir uşağın şıltaqlığı sənə dünyanı fərqli gözlə görməyi göstərir. Enerjisinə heyran qalırsan. Bir insan həmişəmi hərəkətli olar?!  Arada bu aktivliyi səni də yorur. Ancaq bilirsən ki, siz birlikdə böyüyürsünüz. O da səni diqqətlə izləyir və özünə örnək alır. Ona aşıladıqlarını çox yaxşı qavrayır. Sadəcə hələlik dəcəllik etməklə dünyanın dadını çıxarır. Gələcəkdə hamıdan ağıllı olacaq. Özü də bu günün gələcəyini yaxşı bilir.

Böyüklər isə bilməklə kifayətlənmir. Həmişə nəticə görmək istəyir. Və daim harasa, nəyəsə görə tələsirlər. Ancaq bu təlaşın içində uşaqların dünyası başqa zaman tezliyində olur. İlk vaxtlar buna etiraz edirsən. “Tələs” deyirsən. Amma olmur. Ax bu uşaqlar, bilirlər nə etdiklərini. Səni kiçik cüssəsi ilə öz aləminə çəkməyi bacarır. Bir də görürsən ki, vaxtı unutmusan, onunla birlikdə elə əylənirsən ki, hətta artıq böyüdüyün belə yaddan çıxıb. Uşaqlaşmısan...

Bu anlarda özün də özünə heyrət edirsən. Bir uşağın varlığı ilə o qədər dəyişirsən ki! Həyatını heç gözləmədiyin anlarda işıqlandıran bu gözəlliyi sadəcə “möcüzə” adlandıra bilirsən. Və bütün dünyaya bu sözlərinlə səs salmaq istəyirsən: “Uşaqlar, siz bizim dünyamızın ən gözəl rənglərisiniz. Həyat sizin rənglərinizlə al-əlvan olsun!”

Aysel Abbasova