• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 31.05.2023 20:36

İki mindən çox gənc tələbə adı ilə vidalaşıb

KepezTV Player

Azərbaycan Dövlət Aqrar və Gəncə Dövlət Universitetlərində məzun günləri keçirilib. Ümumilikdə 3500-dən çox gənc tələbə adı ilə vidalaşıb.

Gəncə Dövlət Universitetində bu il ali məktəbi bitirən bakalavr və magistrlər üçün “Məzun günü” təşkil edilib. Çıxışlarda məzun olan 2050 nəfərə ölkəmizə layiqli vətəndaş olmaq, yiyələndikləri ixtisaslar üzrə peşəkar kadr kimi fəaliyyət göstərmək arzulanıb. Qalib xalqın məzunlarının həmişə dövlətimiz, xalqımız və qəhrəmanlarımızla qürur duymaları tövsiyə olunub. Vətən müharibəsində şəhid olan qəhrəmanların, o cümlədən Gəncə Dövlət Universitetinin 16 şəhid məzununun xatirəsinin daim əziz tutulduğu vurğulanıb. 

Universitetin tədris ilində əldə etdiyi nailiyyətlərdən danışılaraq, beynəlxalq konfransların təşkili, xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsi, müəllim-tələbə mübadiləsi istiqamətində addımların atıldığı xatırladılıb. Məzun günündə universitetin həyatında fəallıq göstərən, təhsildə fərqlənən bir qrup məzuna fəxri fərman təqdim olunub. Ardından isə universitet tələbələrinin təqdimatında konsert təşkil edilib. Vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, rəqs qruplarının çıxışları alqışlarla qarşılanıb.

Azərbaycan Dövlət Aqrar Universitetində 15-ci “Karyera Sərgisi-2023” keçirilib. Hər il ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən danışılıb, məzun olan tələbələrə uğurlar arzulanıb. Sərgidə 75-dən çox təşkilat və şirkət tərəfindən 800-dən artıq vakant yer təqdim olunub. 

Tədbirdə məzunlara uğurlar dilənərək tələbələrin ixtisasları üzrə işlə təmin olunmasına dəstək verən şirkət, idarə və müəssisələrin rəhbərlərinə təşəkkür ifadə edilib. Karyera sərgisinin dövlət-özəl sektor əməkdaşlığının bariz nümunəsi olduğu qeyd olunub. İşəgötürənlər təqdim olunan iş yerləri barədə məlumat verib, tələbələri öz karyeralarını qurmaq üçün təqdim olunan iş imkanlarından yararlanmağa çağırıblar.

Karyera sərgisi çərçivəsində universitetin nüfuzlu məzunları ilə görüş də keçirilib. Görüş çərçivəsində ADAU Məzunlar Assossiasiyasının yaradılması və digər məsələlər müzakirə olunub. Rəsmi hissədən sonra tələbələr üçün konsert proqramı təşkil edilib. Auditoriyalarla vidalaşaraq müstəqil həyata qədəm basanlar sevinclərini musiqilər, rəqslər, şerlərlə ifadə ediblər.

Aişə Rzayeva