• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 29.05.2023 20:32

Yol üstündə olan laçınlılar

KepezTV Player

Müstəqillik günündə ali baş komandanın Qarabağın qapısı adlanan Laçına səfər etməsi, eləcə də bura qayıdan sakinlərlə görüşü böyük sevinc və fərəh hissi yaşatdı. Laçına start verilən qayıdış laçınlılarda burada yayaşayıb-yaratmaq əzmini artırıb. Növbəti köç zamanı Gəncədə məskunlaşan Laçın sakinləri də doğma yurda qayıtmağı arzulayır. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək”.

Müstəqillik günündə ölkə başçısının verdiyi bu müjdəli xəbər bütün laçınlıları sevindirir. İndi onların həsrəti də sona çatır, nisgilinə də son qoyulur. 84 yaşlı Laçın sakini Çoban Şükürov da sevinci yerə-göyə sığmayanlardandır. Yaşının bu çağında doğma yurda qayıtmaq ən böyük arzusunun reallığıdır. Böyük bir ailə başçısı olan ağsaqqal övladları, nəvələri və nəticələri ilə yol üstündə olduğunu söyləyir.

Çoban Şükürov- Laçın sakini: “Çox şadam ki, bizim belə prezidentimiz var. Getdiyi yerlərin hamısını tanıyıram. Camaatla görüşməsi, əhali ilə görüşməsinə hamı şaddır. Bizdən soruşmaq lazım deyil, hamı ora gedəcək. Hamının arzusunda olduğu yerlərdir. Elə ola, mən də orada olam, onun xoş gəldiyini deyəm. Allah ömür verə, elə bu yaşımda bir dəfə ziyarət eləsəm bəs edər. İkinci mərhələ düşəsi bizim kənddir”.

Məhəmməd Mahmudov- Laçın sakini: “Prezidentimizin Laçına eləcə də Laçın övladlarının torpağına getməsinin sevincinə söz tapmaq mümkün deyil. İnanıram ki, bütün Laçın xalqının üzü Laçına getməyədir. Millətimizin sevincinə şərikəm və sevincimin həddi-hüdudu yoxdur”.

Laçında anadan olub, orada yaşıyıb-yaradanlarla yanaşı o torpağı görməyənlər də Laçının həsrətindədirlər. Düzdür, oranın havasını udmasalar da, torpağına ayaq basıb suyunu içməsələr də,  meşələrini görüb, uca dağlarına çıxmasalar da, Laçından olmaqları oraya qayıtmaq üçün kifayət edir. İndi xəyyalların gerçəkliyidir Laçın.

Altun Hümbətov- Laçın sakini: “Həmişə babalarımızdan, atalarımızdan böyüklərdən eşidirdik ki, Laçın necə bir yerdir. Ancaq biz heç vaxt bu yerləri görməmişik. İstiyərdik ki, o yerlərə gedək, bizim gənc nəslin istəyidir, bizim ürəyimiz ora ilə döyünür. Bizim ailəyə də deyiblər ki, siz də öz ata-baba yurduna qayıdacaqsınız, siyahıya da alınıbdır”.

Şəlalə Şükürzadə- Laçın sakini: “Ordan çıxanda 1 yaşım var idi, oranı görməmişəm. Valideynlərin təsəvvür etmələrindən həmişə arzu etmişəm ki, gedim Laçını görüm. Televizorda prezidentimizin ora getməyini gördük. Çox şad olduq. Onlara baxanda həvəsləndik ki, biz də tez gedək. Bizə də deyiblər, siyahıya alıblar ki, qayıdacağıq”.

Gəncədə Laçından olan 30 ailə məskunlaşıb. Və onların hamısı ikinci mərhələdə Laçına qayıdış üçün siyahıya alınıb. İndi qalır sadəcə gözləmək, o günü ki, Laçına ayaq bassınlar.

Elnur Vahidoğlu