• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2033
— 29.05.2023 20:33

Türkiyənin Azərbaycan siyasətinin uzlaşdırılması dərinləşəcək

KepezTV Player

Türkiyədəki seçki ölkəmizdə də diqqətlə izlənilirdi. Prezident İlham Əliyev və Azərbaycan xalqı bu qələbəyə inanırdı. Rəcəb Tayyib Ərdoğanı növbəti dəfə prezident seçilməsi münasibətilə ilk təbrik edən də məhz Prezident İlham Əliyev oldu. Siyasətçilər Ərdoğanın qələbəsini Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcı adlandırırlar.

Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük önəm verib. Prezident İlham Əliyev və Ərdoğanın apardığı düzgün siyasət nəticəsində iki ölkə arasında dostluq və qardaşlıq daha da möhkəmlənib. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün çoxşaxəli tədbirlər həyata keçirilib.

Eldar Cəfərov- siyasi şərhçi: “Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə hökumətinin başına keçməsi Azərbaycanla olan müttəfiqlik məsələsinin davam etdirilməsi və daha da dərinləşməsinə gətirib çıxaracaq. Digər tərəfdən müəyyən yeni təhlükələr və həmçinin də həm Yaxın Şərq, həm Qafqaz, həm Mərkəzi Asiya ilə bağlı müəyyən bir siyasətdə Türkiyənin Azərbaycan siyasətlərinin uzlaşdırılması prosesi də dərinləşəcək və daha da inkişaf etdiriləcək”.

İsmail Cingöz- siyasi şərhçi: “Türkiyə-Azərbaycan münasibətləri adi qonşuluq əlaqələri deyil. Adi qonşuluq əlaqələri mənfəət güdən münasibətlərdir. Ancaq Türkiyə ilə Azərbaycan eyni millətin iki dövlətidir. Dolayısı ilə mənfəət güdmək yox, qardaşlıq üzərində inşa edilmiş bir sistem

münasibətlərində dayanıb. Vaxt keçdikcə Türkiyə-Azərbaycan münasibətləri daha da irəliyə birlik şəklində davam edəcəkdir”.

İki ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlər bütün istiqamətlər üzrə genişlənir. Qarşılıqlı səfərlər isə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması isə bu qardaşlığı daha da gücləndirib. 

Eldar Cəfərov- siyasi şərhçi: “Əsas məsələlərdən biri də Zəngəzur koridoru və bundan başqa da Türkiyənin Azərbaycanın türk dünyası ilə bağlı birbaşa xətlə birləşdirilməsi, sonradan İpək yolu, həmçinin də Çindən Avropaya qədər gedən əsas yolların da məhz bu tranzit yolu vasitəsilə həyata keçirilməsi Türkiyə və Azərbaycan xarici siyasətlərində əsas istiqamətlərdən biridir”.

Artıq bütün dünya görür ki, Türkiyə Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı münasibətlər günü-gündən inkişaf edir. Bir sözlə, qardaş ölkələrin münasibətləri tarixin ən yüksək zirvəsindədir...

Fərid Mehdiyev